Borrel: İsrail beynəlxalq səviyyədə təcrid olunmalıdır - ÖZƏL
14:07 DünyaAvropa İttifaqının sabiq ali diplomatı Josep Borrel İsrailin Qəzzadakı hərəkətlərinə görə beynəlxalq səviyyədə təcrid olunmalı olduğunu bildirib. Olaylar.az xəbər verir ki, o, İspaniyanın Onda Cero radiostansiyasına müsahibəsində qeyd edib: "İsrail Qəzzada törətdiyi əməllərə görə bütün mümkün vasitələrlə beynəlxalq səviyyədə təcrid olunmalıdır. Bu ölkə beynəlxalq yarışlarda və ya mədəni tədbirlərdə iştirak etməməlidir. Biz bunu Rusiya ilə etdik, eyni addım İsrailə qarşı da atılmalıdır".
Xatırladaq ki, mayın 18-də İsrail ordusu "Gideonun Arabaları" adlı genişmiqyaslı quru əməliyyatına start verdiyini açıqlamışdı. Əməliyyatın məqsədinin HƏMAS-ın tamamilə məhv edilməsi və Qəzzada saxlanılan girovların azad olunması olduğu bildirilir. Baş nazir Benyamin Netanyahu isə əməliyyat nəticəsində Qəzza zolağının tam nəzarətə götürüləcəyini bəyan etmişdi. Bundan əvvəl isə BMT-nin müstəqil istintaq komissiyası hesabatında İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırımı törətdiyi qənaətinə gəlmişdi.