BMT Komissiyası: İsrail Qəzzada fələstinlilərə qarşı genosid törədib - ÖZƏL
13:37 DünyaBMT-nin ekspert komissiyası İsrailin Qəzza sektorunda Fələstinlilərə qarşı genosid törətdiyi qənaətinə gəlib. Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin işğal olunmuş Fələstin əraziləri, o cümlədən Şərqi Qüds və İsraildə baş verən hadisələri araşdıran ekspert komissiyasının hesabatında bildirilib. Komissiyanın açıqlamasında qeyd olunub ki, son iki ildə 7 oktyabr 2023-cü il və sonrakı hadisələri araşdıran ekspertlər İsrail hakimiyyətləri və təhlükəsizlik qüvvələrinin 1948-ci il Genosid Konvensiyasında nəzərdə tutulmuş beş genosid aktından dördünü törətdiyi qənaətinə gəliblər: qətl, ciddi fiziki və ya psixoloji zərər vurma, Fələstinlilərin tam və ya qismən məhvinə hesablanmış yaşam şəraitinin yaradılması və doğumun qarşısının alınması məqsədli tədbirlər. BMT ekspertləri vurğulayıblar ki, İsrail hakimiyyətlərinin və təhlükəsizlik qüvvələrinin bəyanatları göstərir ki, törədilən hərəkətlər Fələstinliləri qismən və ya tamamilə məhv etmək məqsədini daşıyır. Komissiyanın qiymətləndirməsinə görə, İsrailin Qəzza sektorunda həyata keçirdiyi hərəkətlərin - aclıq və qeyri-insani yaşam şəraiti daxil olmaqla əsas xarakteri "genosid niyyətləri"nin mövcudluğunu göstərir. BMT-nin Fələstin üzrə Beynəlxalq Komissiyası 2021-ci ildə İnsan Hüquqları Şurası tərəfindən beynəlxalq humanitar hüquq və insan hüquqlarının pozuntularını araşdırmaq üçün yaradılıb. Komissiyanın mandatı daha sonra bölgədəki əsas sabitlik problemlərini və uzunmüddətli münaqişənin səbəblərini araşdırmaq üçün genişləndirilib.