Avropa Komissiyası: Gürcüstan hakimiyyəti Aİ səfirinə hücumları dayandırmalıdır - ÖZƏL

Avropa Komissiyasının Xarici və Təhlükəsizlik məsələləri üzrə sözçüsü Anita Hipper Gürcüstan hökumətinə Avropa İttifaqının (Aİ) səfirinə qarşı hücumları dayandırmaq çağırışı edib.Olaylar.az xəbər verir ki, sözçünün sözlərinə görə, Aİ səfirinə tam etimad göstərilir və onun dedikləri Gürcüstan-Aİ münasibətlərinin real mənzərəsini əks etdirir: "Bizim mesajımız Gürcüstan hakimiyyətinə budur ki, səfirə işini gördüyünə görə hücum etməyi dayandırsınlar. Təəssüf ki, son günlər Gürcüstandan gördüyümüz, genişmiqyaslı dezinformasiya kampaniyası və səfirə qarşı hücumlar sadəcə real vəziyyətin - dinc etirazçılara, vətəndaş cəmiyyətinə və siyasətçilərə qarşı repressiyaların və zorakılığın - təhrif edilməsidir", - deyə Hipper bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən Aİ-nin addımları Gürcüstan hakimiyyətinin hərəkətləri ilə uyğunlaşdırılır: "Bizim cavabımız siyasi əlaqələrin ciddi zəiflədilməsi, hökumətə maliyyə dəstəyinin kəskin azaldılması, əksinə, vətəndaş cəmiyyətinə dəstəyin davam etdirilməsidir".
Aİ sözçüsü Tbilisidə keçirilən "Vizasızlığı qoru" adlı aksiyaya və "Gürcü Arzusu" təmsilçilərinin Brüsseli vizasız rejimin ləğvində ittiham etməsinə də münasibət bildirib: "Burada iki məqam var. Birincisi - Gürcüstan xalqı bizim tam dəstəyimizi qazanıb, biz onların yanındayıq. İkincisi - biz günahkar axtarma oyununda iştirak etmirik. Real addımlar atılmalı, xüsusilə vətəndaş cəmiyyəti ilə dialoq qurulmalıdır. Bundan sonra münasibətlərin yaxşılaşdırılması və ya pisləşməsi ilə bağlı masada hansı variantların qalacağına baxacağıq", - Avropa Komissiyasının sözçüsü vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31