Samadaşvili: “Rusiyanın tapşırığı Gürcüstanın Qərblə əlaqələrini sürətlə dağıtmaqdır” – ÖZƏL

"Rusiyanın hakimiyyətdəki İvanişviliyə verdiyi əsas tapşırıq Gürcüstanın bütün Qərb strateji əlaqələrini mümkün qədər tez dağıtmaqdır. Bu baxımdan ABŞ ilə yanaşı, xüsusilə Almaniya ilə münasibətlərin korlanması ön planda dayanır, çünki Almaniyanın Avropa İttifaqındakı çəkisi müqayisəolunmaz dərəcədə böyükdür".

Olaylar.az xəbər verir ki, bu fikirləri "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Salome Samadaşvili bildirib.

Onun sözlərinə görə, "Gürcü Arzusu" nümayəndələrinin bəyanatları bilavasitə bu istiqamətə xidmət edir:
"Almaniyanın sözü Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi kimi məsələlərdə həlledici olub. İndi isə görünür ki, bütün bəyanatlar münasibətləri korlamağa yönəlib. Məqsəd odur ki, Almaniyanın başqa çıxış yolu qalmasın və Aİ Gürcüstanla bütün əməkdaşlıq formatlarını, o cümlədən vizasız rejimi dayandırsın".

Samadaşvili əlavə edib ki, "Gürcü Arzusu"nun atdığı addımlar ölkənin Aİ ilə vizasız rejimi itirməsinə gətirib çıxara bilər:
"Rusiyanın tələbiylə Aİ-yə üzvlük prosesi donduruldu, indi isə növbəti tələb vizasız rejimin dayandırılmasıdır. Onlar yaxşı bilirlər ki, hər addımları Aİ tələblərinə ziddir. Aİ-nin şərtlərinə QHT-lərə təzyiqin dayandırılması, "rus qanunu"nun ləğvi, korrupsiyaya qarşı mübarizə daxildir. Amma biz müstəqilliyin bərpasından bəri bu qədər korrupsiyalaşmış hökumət görməmişik. Onlar bu tələbləri yerinə yetirməyəcəklər, çünki ruslardan başqa tapşırıq alırlar. Bunun əvəzinə rus üsullarından istifadə edib, guya Aİ bizdən ənənəvi dəyərlərimizdən imtina etməyi tələb edir kimi saxta təbliğat aparırlar. Yaxşı ki, Avropa bu təbliğatı fəal şəkildə boşa çıxarır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31