Netanyahu əmr verdi, Tramp özündən çıxdı: Dünyanı dəhşətə gətirən qərar
12:33 DünyaABŞ Prezidenti Donald Trampın İsrailin Qətərin paytaxtı Dohaya hücumuna görə qəzəbləndiyi bildirilir. Məlumata görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayıb və onunla sərt tonda danışaraq, bir daha belə addım atmaması üçün xəbərdarlıq edib.
Maraqlıdır ki, Trampın ərəb ölkələri ilə münasibətlərə xüsusi önəm verməsinə baxmayaraq, hücumun guya onunla razılaşdırıldığına dair iddialar da yayılmışdı. Lakin daha sonra ABŞ administrasiyası bu məlumatları təkzib etdi.
Bəs bu insident ABŞ-İsrail münasibətlərinə necə təsir göstərəcək? Netanyahu təkrar Dohaya hücum əmri verə bilərmi?
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, İsrailin Dohaya hücum etməsi dünya gündəmini silkələyən və gözlənilməz bir addım oldu:
"HƏMAS-ın yerləşdiyi bütün ərazilər İsrailin hədəfindədir. Lakin söhbət Qətərdən gedirsə, bu ölkənin ABŞ-ın ən yaxın müttəfiqlərindən biri olduğunu nəzərə almaq lazımdır. ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazası da məhz burada yerləşir.
Qətərin təhlükəsizliyi Birinci Dünya müharibəsinin ardınca, ilk olaraq Böyük Britaniya, sonradan isə ABŞ tərəfindən təmin edilib. Hava hücumundan müdafiə sistemləri də ABŞ tərəfindən qurulub. Qətər, həmçinin İsrail-HƏMAS danışıqlarında əsas vasitəçi ölkədir.
ABŞ Prezidenti Donald Trampın seçkilərdən sonra ilk səfərini Yaxın Şərqə etməsi, Qətərlə imzalanan 1,2 trilyon dollarlıq ticarət müqaviləsi, tərəflər arasında yüksək səviyyəli strateji əlaqələrin göstəricisidir".
Politoloq əlavə edib ki, İranın 12 günlük müharibədə Qətərə hücumu zamanı Vaşinqtonun verdiyi sərt reaksiya da bu ölkənin onun üçün nə qədər əhəmiyyətli olduğunu göstərmişdi:
"Digər tərəfdən, İsrailin Yaxın Şərqdə və ümumilikdə dünyada ABŞ üçün strateji əhəmiyyəti böyükdür. Belə olan halda, Vaşinqton bu iki müttəfiqi arasında balans yaratmağa çalışır.
Lakin Dohaya hücum xüsusi diqqət tələb edir. İsrail bu hücumu HƏMAS-la danışıqların yekun mərhələsində həyata keçirdi. Bu isə Təl-Əvivin əslində danışıqlarda maraqlı olmadığını və belə bir davranışın Trampı ciddi şəkildə narahat etdiyini göstərir.
Eyni zamanda artıq HƏMAS-ın əlində saxladığı əsirlərin taleyinin İsrailin ümumi maraqları kontekstində prioritet olmadığı fikri formalaşır. Bu da cəmiyyətdə böyük narazılıq yarada bilər".
Xəyal Bəşirov
Xəyal Bəşirov hesab edir ki, ABŞ prosesdə passiv görünərsə, beynəlxalq aləmdə İsraillə birlikdə ittiham edilə bilər:
"ABŞ, istər-istəməz İsrailin hərbi əməliyyatlarının siyasi məsuliyyətini də paylaşır. Əgər Vaşinqton bu kimi addımlara sərt reaksiya verməzsə, gələcəkdə ittihamların hədəfinə çevrilə bilər.
Danışıqlarda iştirak edən əsas şəxslərin hücum zamanı orada olmaması ehtimalı yayılsa da, bu, ərəb ölkələrində də ciddi narahatlıq yaradacaq.
Bəzi mənbələr Qətərin bu hücumdan əvvəl məlumatlı olduğunu iddia edir, lakin rəsmiləri məlumatın doğru olmadığını deyirlər. Bu isə regionda gərginliyi daha da artırır".
Politoloqun sözlərinə görə, Vaşinqtonun ərəb ölkələri ilə əməkdaşlığı zədələnə bilər:
"Ərəb ölkələri əsasən Qərbdən, xüsusilə ABŞ-dan silah alırlar. Lakin Dohaya edilən bu hücum onların müdafiə sistemlərinin effektivliyi ilə bağlı ciddi suallar doğurur. Əgər ABŞ bu ölkələrin təhlükəsizlik zəmanətini tam təmin edə bilməzsə, müttəfiqlik münasibətləri zəifləyər.
Təl-Əviv isə Vaşinqtonun bu kimi addımlara sərt reaksiya verməyəcəyindən əmindir. Bu səbəbdən də hücum qərarı verib və dərhal icra edib. Lakin belə yanaşma ABŞ üçün ciddi strateji risklər doğurur".