Aİ: Ermənistan iş adamı və arxiyepiskopun həbsini qanun çərçivəsində aparmalıdır – ÖZƏL

Avropa İttifaqı Ermənistanda iş adamı Samvel Karapetyan və arxiyepiskop Mikael Acapaxyanın saxlanılması ilə bağlı prosesləri diqqətlə izləyir. 

Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistan və digər postsovet ölkələri üzrə şöbə rəhbəri Deren Derya tərəfindən "Maariflənmiş Ermənistan" partiyasının lideri Edmon Marukyana ünvanlanmış məktubda deyilir.

Xatırladaq ki, iyul ayında Edmon Marukyan Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antoniu Koştaya müraciət ünvanlayaraq Ermənistanda baş verən həbsləri gündəmə gətirmişdi. O, xüsusilə Karapetyan və Acapaxyanın saxlanmasına diqqət çəkərək, Aİ-ni Ermənistanda antidemokratik proseslərin sponsoru olmamağa çağırmışdı.

Aİ rəsmisinin məktubunda qeyd olunur:
"Avropa İttifaqı bu hadisələri yaxından izləyir. Bununla belə, Ermənistan hakimiyyəti bu cür işləri araşdırmalı, milli məhkəmə sistemi isə onları nəzərdən keçirməlidir. Biz, Aİ-Ermənistan tərəfdaşlığının əsas prinsiplərinə əsaslanaraq, Ermənistanda ədalət və qanunun aliliyinin qorunacağına ümid edirik".

Məktubda vurğulanır ki, hüquq-mühafizə orqanları istintaq apararkən müstəqil, vicdanlı, hesabatlı olmalı və demokratik prinsiplərə, eləcə də vətəndaşların əsas hüquqlarına riayət etməlidirlər.

Qeyd edək ki, Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma baş nazir Nikol Paşinyanın kilsəyə qarşı sərt ifadələr işlətməsindən sonra daha da kəskinləşib. Ardınca o, bütün ermənilərin katolikosunun seçilmə qaydasını dəyişməyi, bu prosesdə dövlətin həlledici rolunu nəzərdə tutan təklif irəli sürüb.

Samvel Karapetyanın - açıq şəkildə Kilsəni dəstəkləyən biznesmenin - həbsi erməni diasporunda sərt reaksiya doğurub. Xaricdəki erməni icmaları kilsəyə və onun tərəfdarlarına siyasi təzyiq göstərilməsini qəbuledilməz adlandırıblar.

Bundan əvvəl, 25 iyunda keçirilən genişmiqyaslı əməliyyat zamanı arxiyepiskop Baqrat Qalstanyan və tərəfdarları saxlanılmışdı. Ermənistan İstintaq Komitəsi onların hakimiyyəti zorla devirməyə cəhd etdiklərini, terror aktları və kütləvi iğtişaşlar hazırladıqlarını bəyan edib. 29 iyunda isə arxiyepiskop Mikael Acapaxyan həbs olunub. Ona qarşı "hakimiyyətin ələ keçirilməsinə çağırış" və "suverenitetdən imtina" ittihamları irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31