Saakaşvili: “İvanişvili Qərblə siyasi məhbuslar üzərindən ticarət aparır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yaydığı bəyanatda bildirib ki, hakim "Gürcü Arzusu" partiyasının lideri Bidzina İvanişvili Qərbin sanksiyalarını yüngülləşdirmək üçün siyasi məhbuslardan "ticarət vasitəsi" kimi istifadə edir.

Saakaşvilinin sözlərinə görə, bu gün onun həbs müddətinə daha bir neçə il əlavə olunacaq:
"Bu hökm avqustda çıxarılmalı idi, amma təxirə saldılar. Niyə məhz indi və niyə dünən "Xabe"ni (Vahid Milli Hərəkatın siyasi şurasının sədri) həbs etdilər? Çünki İvanişvilinin lobbiçiləri ona seçkilərə ATƏT/DTİHB müşahidə missiyasını dəvət etməyi və "Lelo" liderlərini həbsdən azad etməyi məsləhət gördülər. Məqsəd sanksiyaların yumşaldılması idi, lakin ATƏT bu oyunda iştirakdan imtina etdi. Paralel olaraq, Trampa da müraciət etdilər, amma Vaşinqton buna heç bir reaksiya vermədi".

O əlavə edib ki, İvanişvili indi Lukaşenkonun təcrübəsindən istifadə etməyə çalışır:
"Diktator üçün siyasi məhbuslar ticarət valyutasıdır - nə qədər çox müddətə məhkum olunurlarsa, nə qədər çox həbsdə qalırlarsa, bir o qədər də qiymətləri artır. Gürcü xalqı buna imkan verməməlidir, əks halda bu alver Gürcüstanın azadlığı hesabına başa gələcək".

Saakaşvili çıxışının sonunda Gürcüstanda siyasi məhbuslardan alət kimi istifadəyə son qoyulmalı olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31