ABŞ-ın geosiyasi oyunu: Putin qamçıya, Avropa qurbana çevrilib

Qlobal geosiyasətin ən önəmli düyünlərindən biri bu gün Ukrayna savaşıdır. Bu savaş təkcə Kiyev və Moskvanın taleyini deyil, həm də Avropanın iqtisadi gələcəyini, dünyanın sənaye və ticarət xəritəsini müəyyənləşdirir. Çoxları Donald Trampın Vladimir Putinlə gizli anlaşmasından danışır. Lakin diqqətlə baxanda mənzərə tamam fərqli görünür: əslində Putin, Trampın ən güclü alətinə çevrilib. O, ABŞ-ın Avropa üzərində qurduğu iqtisadi və hərbi hegemonluğun qamçısıdır. Ukrayna savaşı uzandıqca Avropa İttifaqı tükənir, ABŞ-ın silah sənayesi isə zənginləşir. Çin isə bu gedişatın ən böyük itirənlərindən birinə çevrilir.

Olaylar.az xəbər verir ki, siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, bir Putin bəlkə özü də anlamadan Trampın qamçısı görəvini icra edir: "Bundan sonra o qamçı Ukraynanın belinə çırpıldıqca Avropa dövlətləri pul kisələrinin ağzını daha geniş açıb ABŞ-ın silah sənayesini maliyyələşdirəcək və aldıqları silahları Ukraynaya göndərərək müharibənin daha şiddətli davam etməsində iştirak edəcəklər. Nəticədə həm Rusiya, həm də Avropa iqtisadi cəhətdən tükənəcək və aralarındakı gərginlik sayəsində heç zaman bir araya gələ bilməyəcəklər".

Siyasi şərhçi qeyd edir ki, bu gedişat Çinin Avropaya ən güvənli ticarət yolunu ABŞ-ın istədiyi müddət ərzində qapalı qalamasına imkan verəcək: "Dünya sənaye istehsalında AB-nin mövqeyinin Ukrayna savaşından nə qədər təsirləndiyinə dair göstəricilərə nəzər salanda ABŞ-ın qurduğu bu mürəkkəb geosiyasi tənliyinin əsl məchulunu rahatlıqla tapa bilərik. Statistik məlumatlara görə, Avropa İttifaqı Ukrayna savaşı başlayana, yəni 2022-ci ilə qədər dünyanın ikinci ən böyük sənaye istehsalçısı idi. O, dünya sənaye istehsalının 21 faizini öz əlində cəmləşdirirdi. Müharibədən dərhal sonra, 2023-cü ildə bu pay 18 faizə qədər gerilədi. Aİ-nin sənaye gücü xüsusilə avtomobil, kimya, əczaçılıq və maşınqayırma kimi sektorlarda özünü göstərirdi. Ukrayna savaşına qədər Çinlə Aİ arasında ticari əlaqələr də getdikcə böyüyürdü. 2021-ci ildə Çin xüsusilə ixracda əhəmiyyətli artımla Aİ-nin ən böyük ticarət tərəfdaşına çevrildi. Aİ də öz növbəsində, Çinin ikinci ən böyük ticarət tərəfdaşı idi. Çinin Aİ-yə ixracı 2021-ci ildə ümumi ixracatının 32,6 faizinə yüksəlib. Bu göstərici Çin ixracatında ən böyük artım kimi xarakterizə edilirdi. Avropa İttifaqını 27,5 faizlə ABŞ izləyirdi. Asiya nəhəngi ASEAN ölkələrinə ixracatı isə 26,1 faiz təşkil edirdi. Qısası, Çin 2021-ci ilə qədər Avropa ilə ticarət əlaqələrini artıra-artıra gedirdi. Ukrayna müharibəsindən sonra bu əlaqələr getdikcə zəifləməyə başladı. Rəsmi statistikaya inansaq, 2024-cü ildə Çin ABŞ və Böyük Britaniyadan sonra Aİ-nin mal və xidmətlər üzrə üçüncü ən böyük ticarət tərəfdaşına çevrildi. Bununla belə, Aİ ilə Çin arasında çox ciddi ticarət əlaqələri hələ də özünü qoruyur. Mal ticarətində Aİ-nin Çinlə uzun müddətdir ticarət kəsiri davam edir. 2024-cü ildə bu kəsir 305,8 milyard avro idi və 2023-cü ildəki 297 milyard avroluq kəsiri üstələyirdi. Lakin bu göstərici 2022-ci ildə əldə edilən rekord 397,3 milyard avroluq ticarət kəsirindən xeyli - 92 milyard avro aşağı idi. Buna baxmayaraq, 2024-cü ildə ticari münasibətlərdə bir il əvvəllə müqayisədə Çinin xeyrinə artım yaşanmışdı".

Siyasi şərhçi qeyd edib ki, Ukrayna savaşı Çinin Aİ ilə ticarət münasibətlərini qismən azaltsa da, hələ də ABŞ-ı narahat edəcək səviyyədir:"Məhz bu səbəbdən də ABŞ hakimiyyətinin Ukrayna savaşının bitməsiylə razılaşacağına inanmıram. Böyük ehtimalla, ABŞ Ukrayna savaşını daha mürəkkəb hala gətirərək Avropa İttifaqını özündən daha asılı vəziyyətə gətirməyə çalışacaq. Onun əlindəki ən yaxşı silah isə Rusiyadır. Putin Avropanın başı üzərində demokl qılıncı kimi əsərək "qoca qitə"ni ABŞ-ın qucağına qovacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31