İran Zəngəzura alternativ olaraq “Araz dəhlizi”ni gündəmə gətirir – ŞƏRH – ÖZƏL
15:05 Siyasətİranın "Tasnim" agentliyi yazır ki, Zəngəzur dəhlizi məsələsində Tehran ya prosesə qarışmamalı, ya da fəal oyunçuya çevrilməlidir. Məqalədə Araz dəhlizinin - Zəngilandan Culfa istiqamətində uzanan marşrutun - alternativ kimi önə çəkildiyi bildirilir. İran hesab edir ki, bu dəhliz həm tranzit diplomatiyası üçün dönüş nöqtəsi ola, həm də ölkəni regionda təcriddən qurtara bilər.
Xatırladaq ki, 2023-cü ildə Bakı və Tehran Naxçıvana İran ərazisindən yeni yol çəkməyə dair razılığa gəlib. Bu layihə həm iqtisadi, həm də siyasi baxımdan hər iki tərəfin maraqlarına cavab verir və İran bunu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi kimi təqdim edir.
Amma ortada "Tramp yolu" razılaşması var. Belə olan halda Araz dəhlizinin taleyi necə olacaq?
"İran əvvəldən istəyirdi ki, dəhliz onun istədiyi marşrutdan, öz ərazisindən keçsin və buna görə də Azərbaycanın irəli sürdüyü, Ermənistanın 2020-ci il 10 noyabrda öhdəlik götürdüyü Zəngəzur dəhlizi və avqust ayında ABŞ-də artıq razılaşdırılmış Tramp yolunun reallaşdırılmasında İran maraqlı deyildi".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki,Tramp yolu razılaşması artıq Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizinin reallaşdırılması prosesinin başlanğıcıdır. Azərbaycan üçün əsas məqsəd odur ki, Azərbaycan ilə Naxçıvan arasında birbaşa keçid təmin olunsun. Sözsüz ki, İran istəyirdi ki, dəhliz onun planına uyğun marşrutdan keçsin və Azərbaycanın arzuladığı birbaşa keçid baş tutmasın. İlk olaraq, İran bununla regionda zəifləmiş mövqeyini gücləndirmək istəyirdi. İkincisi isə, o yalnız iqtisadi deyil, siyasi dividend də qazanırdı. Bu dəhliz vasitəsilə çox böyük dövlətlər şimaldan-cənuba, qərbdən-şərqə yüklər keçirəcək və onun normal işləməsi üçün bu dövlətlərin İranla yaxşı münasibəti olmalı idi. Bu həm iqtisadi, həm maliyyə baxımından İrana böyük fayda gətirəcəkdi.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan 2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndini yerinə yetirmək istəmirdi, alternativ olaraq, Azərbaycanda 2023-cü ildə Araz dəhlizi layihəsi həyata keçirildi. Azərbaycan üçün əsas olan o idi ki, Orta Dəhliz işləsin və bununla da Ermənistana göstərdi ki, əgər Ermənistan iddialarından əl çəkməsə, blokadada qalacaq. Azərbaycan onsuzda istədiyi keçidi reallaşdırır və hər variantda Azərbaycan məqsədinə nail olur.
Siyasi şərhçinin sözlərinə görə, İran hər vasitə ilə Azərbaycanın irəli sürdüyü dəhliz variantını əngəlləmək istəyir. Dünən Ermənistanda əlavə bir körpünün tikintisinə imza atıldı və Paşinyan İrana vəd etdi ki, bu əsas yollardan biri olacaq. Amma əsas dəhliz Tramp yoludur və bu dəhliz Azərbaycan üçün həlledici olacaq. Rusiya və Amerika arasındakı münasibətlərin, həmçinin dünyada baş verən geosiyasi proseslərin gedişatını nəzərə alsaq, bu dəhliz digər dövlətlər tərəfindən də qəbul edilə bilər və praktik olaraq fəaliyyətə başlaya bilər.
Ş. Ağayev əlavə edib ki, Araz dəhlizi Tramp yoluna mane olmayacaq. Əsas dəhliz Tramp yolu adlanan Zəngəzur dəhlizidir. Çünki bu yol daha rahat, perspektivli və stabil dəhlizdir. Gələcəkdə əsas dəhlizdə yük həcmi çox olarsa, Araz dəhlizi paralel rezerv marşrut kimi istifadə edilə bilər. Bu da İranın əsas dəhlizə qarşı təxribatlarının qarşısını almağa imkan verəcək və əsas dəhlizin işləməsini təmin edəcək.
Sevda Dəniz