İranın narahatlığı: Zəngəzur dəhlizinə qarşı Araz planı - ÖZƏL
15:33 Siyasət"Vaşinqtonda keçirilən Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşlərində əldə olunan razılaşmalardan sonra İran hakimiyyət dairələrində regionda baş verən dəyişikliklərlə bağlı narahatlıqlarla yanaşı, sərt bəyanatlar da müşahidə edildi. İran düşünür ki, regionda, xüsusilə təhlükəsizliklə bağlı üçüncü qüvvələr olarsa, bu, onun üçün problemlər yarada bilər. Halbuki, üçüncü qüvvələri İkinci Qarabağ müharibəsindən sonra Ermənistan öz ərazisində yerləşdirib, lakin İran bu məsələdən heç də narahat görünmür. Məsələn, Avropa İttifaqınım müşahidə missiyasının fəaliyyətini və ABŞ-Ermənistan təlimlərini qırmızı xəttinin tapdalanması kimi görməyən İran anlamalıdır ki, Azərbaycandan gözlədiyi narahatlıqların heç bir əsası yoxdur, əslində Ermənistandakı xarici qüvvələr İran üçün potensial və real təhlükə mənbəyi ola bilər ".
Bu fikirləri politoloq Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Avropa və Asiya arasında mühüm ticarət yolu olan Cənubi Qafqazda İran mühüm oyunçu olmaq rolunu itirməmək üçün ambissiyalarını davam etdirir:
" Bu baxımdan da İran Azərbaycan və Ermənistanla yaxşı münasibətlər saxlamağa çalışır. Tehran anlayır ki, Cənubi Qafqaz regionu enerji ixracı üçün mühüm tranzit marşrutudur. Ona görə də bu strateji regionda geosiyasi və geoiqtisadi təsirini və mövqeyini saxlamaq üçün İran Zəngəzur dəhlizinin güclənməsi və reallaşması ehtimallarını nəzərə alaraq, Araz dəhlizini önə çəkməyə çalışır. Təbii ki, Azərbaycanın əsas hissəsini İranın şimalı vasitəsilə Naxçıvana birləşdirən yol alternativ tranzit marşrutu kimi əhəmiyyət kəsb edir. Lakin mövcud reallıqda Zəngəzur dəhlizi ölkəmiz üçün prioritetdir, bu həm strateji, həm perspektiv, həm də məsafə baxımından daha effektivdir. İrana tətbiq edilən beynəlxalq sanksiyalar xarici investisiyaların həyata keçirilməsində, nəqliyyat-kommunikasiya əlaqələrinin effektivliydə müəyyən çətinlik yaratdığı bir vaxtda Araz dəhlizi vasitəsilə regional ticarət-iqtisadi layihələrin həyata keçirilməsi potensialı böyük ölçüdə şübhə altına düşür. Bu səbəbdən də dəhlizinin gələcəyinin qeyri-müəyyən olması ehtimalı Araz dəhlizini maraq dairəsindən kənarda qoyur. Lakin İran özünün nəzarətində olacaq dəhlizi ən yaxşı variant hesab etdiyi üçün dəstəklədiyi müxtəlif infrastruktur layihələrinə maraq cəlb etməyə və onu ticarət üçün faydalı mexanizmə çevirməyə səy göstərir. Zəngəzur dəhlizinin qlobal miqyasda strateji önəminin artdığı bir vaxtda İran Araz dəhlizini daha yaxşı alternativ kimi irəli çəkməyə çalışıraraq, regionda iqtisadi balansı öz xeyrinə dəyişməyə səy göstərir. Bu fəallıq isə regionun geosiyasi məkanının yeni hadisələrlə üzləşdiyi bir vaxta təsadüf edir. Tranzit dəhlizlərindən kənarda qalma qorxusunu gizlədə bilməyən İran bu addımla Zəngəzur dəhlizini perspektivsizləşdirməyə, həmçinin ABŞ və NATO-nun Ermənistandakı təsirinə operativ cavab vermək iddiasını ortaya qoyur".
Zeynəb Mustafazadə