İrəvanda sülh düşmənlərinin xain planı
09:48 DünyaRusiya revanşistləri hakimiyyətə gətirməklə Cənubi Qafqazda yeni ssenariyə hazırlaşır - detallar
"Ermənistanda dövlət çevrilişinə cəhd edənlər sülh əleyhdarlarıdır. Onların məqsədi hakimiyyəti qəsb etmək və regionda uzunmüddətli qeyri-sabitliyə nail olmaqdır. Bu da Rusiyanın maraqlarına xidmət edir". Bu sözləri "Yeni Müsavat"a Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bildirib. Onun sözlərinə görə, Kremlə bağlı bu qüvvələrin həbsi sülhə gedən yolun açılması üçün mühüm hadisədir. S. Əsədlinin fikrincə, Rusiya Ermənistanda revanşistləri hakimiyyətə gətirməklə yenidən Qarabağ mövzusunu qaldırmaq, sərhəddə gərginliyə səbəb olmaq, bir sözlə, bölgədə vəziyyəti qarışdırmaq istəyir: "Biz bunu Rusiyadan son bəyanatlarda da hiss edirdik. Kreml sülhməramlı kontingentin Qarabağdan çıxması ilə barışa bilmir. Ona görə Cənubi Qafqazda köhnə oyunlarını reallaşdırmaq üçün Ermənistanda radikal millətçi dairələri fəallaşdırıb. Paşinyanın göstərişi əsasında aparılan həbslər bu planı tormozlaya biləcək".
VHP rəsmisi qeyd edib ki, Azərbaycan indiki şəraitdə Ermənistan hakimiyyətini bu vəziyyətdən çıxarmalıdır, yəni diplomatik manevrlər edilməlidir. Onun qənaətinə görə, Paşinyanın Türkiyə səfəri də məhz bu dəstəyi almaq istəyi idi: "Rusiyanın çirkin planlarını pozmaq lazımdır. Ermənistanda radikalların dövləti ələ keçirməsi sülh prosesinə zərər vuracaq. Təbii ki, bu dairələr Azərbaycanla müharibə apara bilməz. Bu gün güclü ordumuz, strateji tərəfdaşlarımız, müttəfiqlərimiz var. Laçın zirvəsi də bunu bir daha sübut etdi. Sadəcə, İrəvanda iqtidarın revanşistlərin əlinə keçməsi bölgədə stabilliyi pozacaq, sülh danışıqlarını yubadacaq, Rusiya vasitəçi kimi özünü ortaya atıb tərəflərə təzyiq göstərməyə başlayacaq. Bizə bu xain ssenarilər tanışdır. O baxımdan, Ermənistanda rusların planları pozulmalıdır. Çünki sülh əleyhdarlarının hakimiyyətə gəlişi regiona müsbət heç nə vəd etmir".
Qeyd edək ki, ölkənin Rusiyaya olan inamı azalıb. Beynəlxalq Respublikaçılar İnstitutunun 2024-cü ildə keçirdiyi sorğu ermənilərin yalnız 31%-nin Moskva ilə əlaqələrə müsbət baxdığını göstərib. Halbuki 2019-cu ildə bu göstərici 93% olmuşdu. Əksər ermənilərin nəzərində Fransa Ermənistanın əsas müttəfiqidir. Bu məsələdə ABŞ Fransadan bir az geridə qalır. Ermənistanda Rusiyanın təsiri zəifləyir və hətta İrəvanın mərkəzində bir çox gənc artıq rus dilində danışmır və bu dili heç başa düşmür. "Vedomosti"nin məlumatına görə, Vladimir Putinin administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya 2026-cı il parlament seçkiləri ərəfəsində Ermənistanda Rusiyanın təsirini bərpa etmək tapşırılıb.
"Bu, asan olmayacaq. Rusiya mənbələri özləri etiraf edirlər ki, indi Ermənistanda "Rusiyanın sözünü deyən kimsə yoxdur". Hər ikisi korrupsiyaya və avtoritarizm nostaljisinə düçar olmuş qocalmış eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyandan başqa, rusiyayönlü düşərgə virtual kabus şəhərini xatırladır..." - məqalədə etiraf edilir. Ermənistanın XİN başçısı Ararat Mirzoyan bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanmasından başqa alternativ yoxdur. O, "Sülhün bərqərar olması üçün Ermənistan-Azərbaycan müqaviləsinin imzalanması vacibdir" deyib.
"Ermənistan hələ indi də Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır". Bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan deyib. O qeyd edib ki, İrəvanın heç bir məhdudiyyəti və ya əlavə şərti yoxdur.
"Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması üçün bütün səyləri dəstəkləyirik". Bu barədə isə Avropa Şurasının baş katibi Alain Berset Avropa Şurası Parlament Assambleyasının sessiyasında bildirib.
"Mən həmin regionun üç ölkəsində oldum: Ermənistan, Gürcüstan və Azərbaycanda. Həmin dövlətlərin hakimiyyət orqanları ilə, vətəndaş cəmiyyətinin üzvləri ilə sıx əlaqə saxlayıram. Mən ölkələrə səfər edəndə həmişə müxalifət partiyalarına getməyə, onlarla görüşməyə çalışıram. Burada onlarla görüşlərim də olub. Mən başa düşmək və bu çətin vəziyyətdə rol oynamağı bacarmaq istəyirəm. Qeyd etmək istədiyim odur ki, biz indi Ermənistanla Azərbaycan arasında sülh sazişi məsələsində irəliyə doğru addım atmalıyıq. Mən bu sülh sazişinin bağlanması üçün bütün səyləri dəstəkləməyə çalışıram", - Avropa Şurasının baş katibi qeyd edib.