Bu məsələ demokratik Fransa ilə avtoritar İranı necə birləşdirir?-Əli Mustafa- ÖZƏL
5 Aprel 2024 19:25 Dünya"Fransanın Ermənistandakı səfirinin mövqeyi, İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı mövqeyini dəstəkləməsi təsadüfi deyil".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"Bilirik ki, İran və Fransa Ermənistana münasibətdə eyni mövqeni bölüşürlər. Onsuz da onların açıq və gizli əməkdaşlığı var və yalnız Ermənistan deyil, digər məsələlərdə də onların işbirliyi, əməkdaşlığı, mövqe oxşarlığı mövcuddur. O ki qaldı bu mövqenin mahiyyətinə, qeyd edim ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyinə dair mövqeyini Fransa da bölüşür. Əvvəla Ermənistanın ərazi bütövlüyünə, suverenliyinə heç bir təcavüz yoxdur. Əksinə, Ermənistan təcavüzkardır, Azərbaycan torpaqlarının 20 faizini 30 il işğal altında saxlayıb, bu gün də 8 kəndi işğal altında saxlamaqda davam edir. Təcavüzkar bir dövləti belə qoruyub-qollamaq demokratik Fransa ilə avtoritar İranı necə birləşdirir, bu, çox maraqlı məsələdir. Konkret olaraq Azərbaycan tərəfi də rəsmi şəkildə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünü tanıyır. O başqa məsələ ki, bu ərazi nə qədərdir. Bütöv olan ərazinin çərçivəsi, ölçüləri qədərini yalnız Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya komissiyası müəyyən etdikdən sonra demək olar. Belə də Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Düşünürəm ki, bu gün İran və Ermənistan, onun hamisi olan Fransa bir şeyi anlamalıdırlar ki, onların Azərbaycanla bağlı nə danışmasından, Ermənistanı necə müdafiə etməsindən asılı olmayaraq fakt faktlığında qalır. Ermənistan təcavüzkar bir dövlətdir və Azərbaycan ərazilərini könüllü deyil, zorla azad etmək məcbur olub. Buna Azərbaycan onu məcbur edib. Yenə də 8 kəndi işğal altında saxlayır. Bütün gerçəklikləri görməzdən gəlmək nə Fransaya, nə də İrana baş ucalığı gətirmir. Əksinə, onların qərəzli, ədalətsiz olduğunu, Azərbaycana qarşı ikili standart sərgilədiyini ortaya qoyur."