Sibirdə İES-də baş verən qəzada xəsarət alan bir nəfər xəstəxanada ölüb - ÖZƏL
6 Mart 2024 13:24 DünyaRusiyanın Sibirin cənubundakı Tuva vilayətində Şaqonarskaya İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza nəticəsində xəsarət alan bir nəfər həlak olub.
Olaylar.az xəbər verir ki, bunu hüquq-mühafizə orqanlarının rəsmisi bildirib.
"Son məlumatlara görə, xəstəxanada bir nəfər dünyasını dəyişib".
Səhiyyə Nazirliyi daha əvvəl bildirib ki, qəza nəticəsində 23 nəfər xəsarət alıb.
Martın 6-da səhər saatlarında Tuva vilayətinin Şaqonar şəhərindəki istilik elektrik stansiyasında partlayış baş verib. Regional Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, müəssisənin qazanxanasında yanğın və güclü tüstülənmə qeydə alınıb. Açıq alov söndürülüb. Yerli administrasiyadan bildiriblər ki, partlayış yanacaq konveyerində baş verdiyi üçün qəza obyektin qazanlarına heç bir ziyan vurmayıb.