İran və ABŞ arasında diplomatik kanallar aktivdir – İran XİN
4 Mart 2024 14:22 Dünyaİranın nüvə proqramı və digər məsələlər üzrə İran və ABŞ arasında vasitəçi ilə diplomatik kanallar aktiv şəkildədir.
Olaylar.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
N.Kənaninin sözlərinə görə, diplomatik çərçivələrdə mesajlar göndərilir və qəbul edilir, bu istiqamətdə hər hansı dəyişiklik olmayıb.
Kənani əlavə edib ki, ABŞ-də hökumət dəyişikliyi Hərtərəfli Birgə Fəaliyyət Planının (JCPOA) icrasında dəyişiklik yaratmır. ABŞ hökuməti birtərəfli qaydada JCPOA-nı tərk edib və bu məsuliyyət bu dövlətin üzərinədir.
"İranın əsas məqsədi ölkə əleyhinə tətbiq olunan birtərəfli sanksiyaların ləğvi və JCPOA çərçivəsində müəyyən olunan İran xalqı və dövlətinin hüququndan faydalanmasıdır", - deyə o qeyd edib.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran 2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.
Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla MAQATE-nin nəzarət mexanizmi 20-30% azalıb.
Qeyd edək ki, son günlər KİV MAQATE-yə istinadən bildirib ki, İran zənginləşdirilmiş uran ehtiyatını Hərtərəfli Birgə Fəaliyyət Planında nəzərdə tutulan ölçüdən 27 dəfə artırıb. MAQATE-nin 4 sentyabr 2023-də verdiyi hesabatdan bəri, İranın 60%-lik zənginləşdirdiyi uranın həcmi 6,7 kiloqram artaraq təxminən 128 kiloqrama yüksəlib.