Qazaxıstan Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır
29 Dekabr 2023 10:50 DünyaQazaxıstan Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq barədə qərar qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov Qazaxıstan KİV-ə bildirib.
Onun sözlərinə görə, Qazaxıstan mütəmadi olaraq ölkədə qadağan olunmuş təşkilatların siyahısını aktual saxlamaq məqsədilə nəzərdən keçirir. Belə ki, qeyd olunan proses çərçivəsində BMT-nin praktikasına əsasən "Taliban" hərəkatını siyahıdan çıxarmaq barədə qərar qəbul edilib.
"BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə əsasən, "Taliban" hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilatlar olaraq tanınmış təşkilatlar siyahısına daxil deyil", - deyə Smadiyarov bildirib.
Siyasi təmaslardan danışan XİN nümayəndəsi Qazaxıstanın bundan sonra da BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul olunan qərar və qətnamələrə ciddi riayət edəcəyini qeyd edib. (Trend)