BMT Təhlükəsizlik Şurası heç bir gücə və funksiyaya malik deyil - ÖZƏL
23 Oktyabr 2023 11:50 Dünya"Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstinlə bağlı 4000 qətnamə qəbul edib. Bu gün baş verən hadisələr onu göstərir ki, bu təşkilat heç bir gücə və funksiyaya malik deyil".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, qurum Qarabağla bağlı da 4 qətnamə qəbul etmişdi:
"30-ildən çox gözlədik və sonda Azərbaycan ordusu qətnamədə öz həllini tapmalı bəndləri bir-bir həyata keçirdi. Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Hər hansı bir məsələdə, bir bahənəmi deyək və yaxud da müəyyən səbəbdən dolayı veto hüququndan istifadə edərək təşkilatı adekvat addımlar atmasını məhdudlaşdırırlar. Konkret olaraq təşkilat siyasiləşib və bundan dolayı fəaliyyət elementləri məhdudlaşıb. Bu da təşkilata olan etimadın zədələnməsi ilə müşayiət olunaraq onu şübhəli hala gətirib".
Çingiz Şahbazi qeyd edib ki, Təhlükəsizlik Şurasının 5 daimi üzv ölkələri dünyanın ən çox silah satan ölkələridir və dünyanın təhlükəsizliyi bu ölkələrin ədalətinə, mərhəmətinə və ümidinə qalıb:
"Tapmaca kimi bir dünya düzəni var. Bunlar öz yüksək gəlir sahələrinə və siyasi maraqlarına zidd olaraq hansısa qərar qəbul edə bilməzlər və hansısa qadağa qoya bilməzlər".