Səfir Fələstindəki vəziyyətlə bağlı çağırış etdi
21 Oktyabr 2023 11:23 Dünyaİran İslam Respublikasının səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani beynəlxalq ictimaiyyəti Fələstində davam edən vəziyyətə dərhal diqqət yetirməyə çağırıb. Olaylar.az İRNA-a istinadən xəbər verir. Məsələyə Cümə günü Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: regional mexanizmlərin sülh və təhlükəsizliyə töhfəsi" mövzusunda keçirilən iclasında toxunulub. İrəvani bildirib ki, on illərdir fələstinlilər ayrı-seçkilikdən, təcavüzdən və işğaldan əziyyət çəkirlər. Səfirin sözlərinə görə bu gün beynəlxalq ictimaiyyət İsrail rejimi tərəfindən Qəzza zolağında Fələstin xalqına qarşı edilən vəhşiliklərin, terror aktlarının dəhşətli yüksəlişinin şahididir. O, İsrailin Əl Əhli Ərəb Xəstəxanasını qəsdən hədəfə almasını, hava bombardmanı zamanı Qəzzada qadın və uşaqlar da daxil olmaqla, günahsız insanların öldürülməsini ən ağır xarakterli müharibə cinayəti hesab etdiyini bildirib.
Şuranın atəşkəs yaradan və humanitar vəziyyəti sabitləyən əsas qətnaməni qəbul edə bilməməsindən çox məyus olduğunu ifadə edən İrəvani Birləşmiş Millətlər Təşkilatını və Təhlükəsizlik Şurasını baş verən faciəyə son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb.