Fələstin prezidenti Qəzza zolağına humanitar yardım göstərməyə çağırıb - ÖZƏL
12 Oktyabr 2023 19:42 DünyaFələstin prezidenti Mahmud Abbas humanitar dəhlizlərin açılmasını və Qəzza zolağına humanitar yardımın göndərilməsini istəyib.
Olaylar.az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Abbas bunu İordaniya kralı II Abdullah ilə görüşdə deyib. Fələstin lideri həmçinin "İsrail təcavüzü"nə son qoymağa və sülhə çağırıb. Eyni zamanda, Abbas məhbusların və mülki şəxslərin azad edilməsinə ehtiyac olduğunu qeyd edib və əlavə edib ki, hər iki tərəf dinc insanların öldürülməsinə son qoymalıdır.
Bundan əvvəl Misir Qəzza zolağına humanitar yardım çatdırmaq üçün İsrail və Fələstin arasında 6 saatlıq atəşkəs elan etməyi təklif etmişdi. Qeyd olunur ki, Misir artıq Qəzza zolağı ilə sərhədindən humanitar yardımın çatdırılması planını ABŞ və digər ölkələrlə müzakirə edib. Yardım Qəzza zolağı ilə Sinay yarımadası arasındakı Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə çatdırılmalı olacaq.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.