Avropa Komissiyası Ukraynadan taxıl embarqosunu ləğv edib - ÖZƏL
15 Sentyabr 2023 21:10 DünyaAvropa Komissiyası (AK) Ukraynadan taxıl tədarükünə cümə günü gecə yarısı başa çatan embarqonun müddətini uzatmamaq qərarına gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə AK mətbuat xidməti məlumat yayıb.
Sənəddə bildirilir ki, AK dörd kateqoriya kənd təsərrüfatı məhsullarının ixracının Aİ bazarına təsiri ilə bağlı məlumatları təhlil edib.
"Nəticədə qərara alınıb ki, indiki tədbirlər bu gün başa çatsın. Avropa Komissiyası Ukrayna tərəfindən təsirli tədbirlər görüldüyü və tam fəaliyyət göstərdiyi müddətcə hər hansı məhdudiyyət tətbiq etməkdən çəkinəcək", - bəyanatda deyilir.
Ukraynanın Aİ-yə taxıl tədarükündə artımın qarşısını almaq üçün tədbirlər görəcəyini və sentyabrın 18-dək fəaliyyət planını təqdim edəcəyini öhdəsinə götürdüyü vurğulanır.
Bundan əvvəl Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı naziri Robert Telus bildirmişdi ki, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya 2023-cü ilin sonuna qədər Ukraynadan taxıl idxalına qadağa qoyulması tələbi ilə Aİ rəhbərliyinə müraciət etməyə razılaşıblar.
Ukrayna Xarici İşlər Nazirliyi bəyan edib ki, Ukrayna hakimiyyəti bu planlarla qəti şəkildə razı deyil.
Ukrayna prezidentinin aparat rəhbərinin müavini İqor Jovkva bildirib ki, Ukrayna öz kənd təsərrüfatı məhsullarının tədarükü ilə polşalı fermerlərə zərər vermək niyyətində deyil.
Bundan əvvəl Ukrayna Polşa ilə "aqrar müharibə" elan etmişdi.