Ərdoğanın qələbəsindən sonra onun rəqiblərinin ölkədə qarşıdurma yaratmaq planları var - ÖZƏL

"Türkiyə müasir tarixinin həlledici  seçkilərindən birini keçirəcək desək yanılmarıq. Bu seçki Osmanlı imperiyası dağılandan sonra formalaşmış siyasi konfiqurasiyada dini və milli kəsim ilə qərbçi dərin dövlət və onun tərəfdarları arasında olan gizli mübarizənin artıq açıq müstəvidə keçiriləcəyi bir seçki olacaq. Milli kəsim bu seçkiləri "milli beka" məsələsi, yəni sağ qalmaq məsələsi hesab edirlərsə, qarşı tərəf Türkiyənin yenidən "layiklik" adlandırılan sekulyar, yəni dinin insanların düşüncə və hərəkətlərində və cəmiyyətdəki institutlar üzərində təsirinin azalmasını istəyən sistemin yenidən bərpasını istəyirlər".

Bu fikirləri "OLAYLAR"-a səsləndirən politoloq Azər Qasımov deyib ki,  Ərdoğan hakimiyyəti 20 ildə Türkiyənin siyasi sistemini böyük ölçüdə dəyişməyə nail oldu: "Hərbi çevrilişlər dövrünü qapatdı. Siyasi partiyaların qapadılmasının hüquqi yolunu bağladı. Türkiyəni Parlamentar dövlətdən Prezident idarəçiliyi ölkəsinə çevirdi".

Politoloq deyib ki, Türkiyənin istər hərbi texnologiyalar, infrastruktur, enerji sahələrində uğurları ilə yanaşı Türk dünyasındakı addımları, TDT-nın yaradılması, Şimali Afrika və Yaxın Şərq siyasətindəki uğurlar, PKK-nın böyük ölçüdə bitirilməsindəki addımlar, eyni zamanda, ölkə daxilində "Feto" və bu kimi təşkilatların ifşa və ləğv edilməsi Ərdoğan hakimiyyətinin növbəti qələbəsi üçün zəmin yaradır. Onun sözlərinə görə, "Altılı masa" adlanan müxalifət və HDP birliyi adlarının yan-yana çəkilməsi anından artıq məğlub duruma düşüblər: "Hesab edirəm ki, Ərdoğanın qələbə çalmasından sonra qarşıdurma yaratmaq cəhdləri yox, hətta planları belə var və bu barədə məlumatlar da vardır. Amma Türkiyə dövləti artıq güc dili ilə, təzyiq vasitəsi ilə danışılması mümkün olan dövrü çoxdan keçib. Kimlərsə, nəsə planlaya bilər, amma Türkiyə dövlətinin də bir planı olduğu şübhəsizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31