İlahi, sən torpağa sakitlik ver...
17 Mart 2023 10:02 DünyaDərd dəvaya dəvətdir...
Türk qardaşlarımızın kəndi dili ilə desək şubat ayının 6-sı səhər telefonumu açanda ilk gözümə dəyən "sallanıyoruz!" nidası oldu. Çoxları kimi mənim də Türkiyədə qohumlarım, yaxınlarım var, ilk xəbəri onlardan alsam da, məsələnin məğzini bir elə anlamadım. Yox, əslində sövqi-təbii başa düşdüm ki, nə isə pis bir ittifaq düşüb, amma yenə də "yəqin işıqlar sönüb, filan" deyə qorxunc fikirləri özümdən uzaqlaşdırdım. (Son vaxtlar Kıprızda yaşayan dostlarım tez-tez elektrikin keçməsindən şikayətləndikləri üçün sallanmaqlarını da o tərəfə yozdum). Bir qədər keçdi. Sallanmağın dayanmadığını, həm də "zangir-zangir" davam etdiyini oxuyanda altında yazılmış şərhlərə baxdım. Gözlərimə inanmadım. Dəhşətli zəlzələ olmuş, Yer yerindən oynamışdı. Camaatı gecə yuxuda yaxalayan 7,8 şiddətində birinci titrəmə 1 dəqiqədən artıq sürmüş, bir neçə saat sonra 7,5 maqnitudada ikinci təkan baş vermişdi. Şərhlərdə "çəkməcələr açılır, köpək havlayır, yer yelləncək kimi yellənir, Allahım, bizi korkutma, yıkıldı hər yer, Türkiyə çox kötü durumda", - deyə fəryad edilirdi. Bunu qəbul etmək çətin idi. Axı Türkiyə inişil iyul-avqust aylarında ölkə kurortlarını və ormanlarını kül edən yanğınlardan ancaq özünə gəlmişdi. Hələ qısa məsafələrlə daha əvvəllərdə baş verən dəprəmləri demirəm. Daha bir zərbə? İnanmaq olmurdu. Kataklizmlərin bizim qardaş ölkə ilə düşmənçiliyi vardı? Bu nə savaşdır? Zəlzələnin radiusu Azərbaycanın və Ermənistanın ikisinin bir yerdə ərazisi boyda nəhəng məsafəni əhatə edirdi. Özü də bu torpaqlar bəşəriyyətin ən qədim sivilizasiya beşiyidir. Qazientepdə eramızın ll-lll yüzilliyində tikilmiş Rumqala yerlə yeksan olmuşdu. Çox da ərazisinin böyük qismi fay xəttındə yerləşir, "altında qitələr çarpışır, bir-birinə toxunur, itən dəniz yenidən əmələ gəlir, dağ massivi "göyərir"... Türkiyə təbiət hadisələri güclü müşahidə olunan ölkə. 1999-cu il güntutulması zamanı bu fövqəl hadisəni tam seyr edə bildiyi üçün şanslı məmləkət hesab edilirdi. Bu nadir görüntü qardaş ölkədə az qala bayram kimi qeyd olunmuşdu. 6 gün sonra isə İzmit şəhərində zəlzələ baş vermiş, 18 873 insan tələfatı ilə nəticələnmişdi. Türkiyə zatən dəprəm ölkəsi. Sanki bilərəkdən bu qədər şəhər vulkanik ərazidə, enerjinin sıx toplandığı yerlərdə salınmışdır. Amma yenə də... Ziyadədən çox olmadımı? Yer öz ağır yüklərindən ancaq bu torpaqlardamı azad olmalıdır? Bu qədər də yox artıq. Yerin üstünü insanlar silkələyir, oturduğu budağı kəsir, yerin altını İlahi. Zaman-zaman Yer nərə çəkərək qiyam-qiyamət qoparır, acığını qədirbilməz sakinlərinin üstünə tökür. Aşqabadı batırır, Fukusimanın əhalisini zəlzələ-sünami qarışıq udur. Elə öz coğrafiyamızda... Gəncə 9 ballıq zəlzələ ilə elə dağılmışdı ki, yenisini bir az şərqdə yenidən salmışdılar. 1902-ci ildə Şamaxı yox olmuş, mədəniyyətimizin son unikal nümunələri də torpağa qarışmışdı. Deyir, əgər dünyada faciə qurbanlarının hər birini bir dəqiqəlik sükutla yad etmiş olsaq, onda gərək bəşəriyyət əbədi sükut etsin.
Anbaan bəlanın miqyası artır, xəbərlər qan dondurur, proqnozlar ümidsizləşdirirdi. Özünü öldürsən, 3 dəqiqə (azdırmı, çoxdurmu?) sürən bu yer tərpənməsi qışın bu günü 2 həmlə ilə 42 310 insanın həyatını bitirdi, nə qədər adamı şil-şikəst elədi, evsiz-eşiksiz qoydu. Şairin dediyi kimi:
Məmləkət istərim, nə zəngin, nə fakir olsun,
Qış günü hər kəsin evi, barkı olsun.
Qar-qış, deyilən kimi, qarnı toxa, cibində xərcliyi, evinin damı-çatısı, odunu-kömürü olana zövqdür...
Atatürkün şəxsi əsəri - tarix hopan Hatayın 80% yoxdur. Maraş yer üzündən silinib, geriyə yalnız qəhrəmanlığı qalıb. Sarsıntı Livan, İraq, İordaniya və Misirdə hiss edilib.
Dövlətə, millətə milyonlarla ziyan dəydi. Qarşıda qubar kimi abadlıq-quruculuq fəsli durur. Faciənin mənəvi tərəfi ümumiyyətlə şərhə gəlmir... Koordinasiya zamanı binaların keyfiyyətsiz tikilməyi, məsuliyyətsizlik əsas səbəb gətirilir. İnsan faktoru öz yerində, onu heç kim danmır. Lakin əsrlər öncə inşa edilmiş qala divarları, camilər uçub. Yerində dağ boyda xarabalıq qalıb. Bu da görünməmiş, 100 ildə bir olan təbii fəlakətdən xəbər verir. Seysmoloqların qənaətinə görə, iki zəlzələ bir-birinə təsir etmiş, Yer kürəsinə yığılmış güclü enerji boşalmışdı.
Türkiyə canımız, qanımız, özümüz olmaqdan əlavə, acısını acımız kimi qəbul etdiyimiz ölkə olmaqla bərabər, zəlzələ həm də bizə yaxın mövzudur. 6.9 bal gücündə olan Bakı zəlzələsini zaman bizdən 22 il ayırsa da, həyəcanı, xofu hələ də yaddaşımızdadır.
Zəlzələsonrası bəzi yerlərdə güclü yağış, bəzilərində yanğın, başqa bölgələrdə fırtına başladı. Bu da yerin altında qalanların halını daha da fənalaşdırdı, xilasedicilərin işini bir qədər də çətinləşdirdi. İtkin düşənlərin sayı dəqiqləşdirilir... Zəlzələ tək şəhərlərdə deyil, sağ qalanların taleyində də baş verib, hər birindən kimləri, nələri alaraq həyatlarını dağıdıb. Nazim Hikmət tarixə Böyük Ərzincan Zəlzələsi adıyla düşən fəlakətdən sonra ağılı-ağrılı "Qara xəbər" şeirində yazırdı: "Uyanıb kaçamadılar, quş olub uçamadılar". Hətta Türkiyə kimi təbii fəlakətlərə, yanğınlara öyrəncəli bir ölkə də, ikiqat zəlzələnin fəsadları ilə təklikdə baş etməyəcəyini tez bir zamanda anlayaraq faciə ilə bağlı 4-cü dərəcəli həyəcan (beynəlxalq yardım zərurəti) elan etdi: "Biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik". SOS çağırışına cavab olaraq, 70 ölkə və 14 beynəlxalq təşkilatdan dəstək təklifi gəldi. Amerikadan başlamış, Qətər, İsrail, İsveçrə, Almaniya, İngiltərə kimi dövlətlər daxil, dünya ulduzlarından tutmuş, "kisəsində bir şey olmayıb da, ürəyindən verən" sıravi vətəndaşlara qədər hamı Türkiyə üçün səfərbər oldu. Xarici qəzetlər yazırdı: "Tırlar yollarda tormozu yoxmuş kimi uçaraq gedirdi". Həmişə öz mövqeyi və ianələri ilə seçilən türk mənşəli alman futbolçusu Mesut Özil, meqastar Tarkan, təqdimata ehtiyacı olmayan Kvanc Tatlıtuğ, A. Coli, M.Qalkin və başqaları dəprəmzədələrə yardım fonduna vəsait keçirmişlər. L.Messi Türkiyə və Suriya üçün 3.5 euro bağışladı. Əlbəttə ki, Azərbaycan başda olmaqla və öndə getməklə! Adamın özününkü!
Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə. (B.Vahabzadə)
Bu bir müsibəti-Türkiyə, müsibəti-insanlıq idi. Həyəcanla dağıntılar altında qalanların xilasını izlədik, ağlamaqdan həlak olduq, hər sağ-salamat çıxan bacı-qardaşımıza sevindik, körpəyə də, dilsiz-ağızsız heyvana da eyni dərəcədə göstərilən şəfqətdən qəlbimiz titrədi, mürüvvət adına qürur duyduq. Ekranda hələ tam azad edilməmiş bir balaca görünür... Bir əlində meyvə şirəsi, o birində keks. Yarı yerin altında özü üçün yeyib-içir. Xilasedicilər bir az rahatlaması, həm də qorxmaması üçün, uşağın başını qatır, "idarəli kullan" deyə zarafat da edirlər. Balaca bir dəlikdən köpəyin boğazına su tökürlər. İnsanlıq hali... İnsan dünyaya sadəcə ehtiyaclarını ödəmək üçün gəlmir, daha böyük və "insanca bir səbəb lazımdı". Nə qədər belə epizodlar gördük. Əlbəttə, uzaqdan döyüş adama asan görünür, xilasedicilər yerin altından çıxanda başlarından tüstü qalxırdı. Düzdür, bu toz-torpağın dumanı idi, amma ilk baxışda qiyamət əlaməti kimi görünürdü. Yenə də enkazın altından çıxarılan hər adamla söhbət edənlərə, bir uşaqla 4 böyüyün oynamasına bəzən dayana bilmir insan. Digərlərinin xilası üçün tələsirsən. Bu artıq təhlükəsizlikdədi, təhvil ver psixiloqa, həkimə, yet o birilərin köməyinə... Yersiz əndişənin olmamağı bəyənilən... Amma bir daşı qaldırıb kənara qoymaq da köməkdir. Söhbət minlərin həyatından gedir... Yerin altında son nəfəsini verənlər, axır dəqiqələrini yaşayanlar var. Saniyələr hesabdadır... Uçqunlar altından 8000-dən artıq insan xilas edildi. 8000 can, 8000 tale, 8000 ümid... Bu müharibə... dayan, nə yazıram, müharibə nədir? Yox, elə düz yazıram, bu da müharibədi, təbiətin insanlara qarşı soyqırımı! Bu "müharibə" bizə çox şey öyrətdi, özümüzə kənardan baxmağı, qüsurlarımızı görməyi, yaxşı-yamanı ayırd etməyi, dostumuzu-düşmənimizi bir daha tanımağı... Ömrümüz daha bir zolağa - 6 fevrala qədər və sonraya ayrıldı. Bu müsibəti bir də ona görə daha ağır yaşadıq ki, hər şeyi gördük. Əvvəllər necə idi? Dövlət lazım bildiyini göstərirdi, məsləhət bilmədiyini yox. İndi hərənin əlində bir telefon. Kim nəyi istəyir çəkir və yayır. Nə ürəyi xəstələr nəzərə alınır, nə əsəbi zəif olanlar... Budur, zəlzələ anı qeydə alınıb. Qarın aydınlatdığı gecədir. Hamı yatıb. (Kim deyir ki, yuxu insanın dostudur? Yuxu insanın ən böyük düşmənidir). Birdən şimşəyə oxşayan parıltı görünür, bir neçə dəfə çaxır (yanıb-sönür). Ardınca da, hər yer tərpənir, get-gedə daha sürətli. Tarmar başlayır. Yaddaşa həkk olan görüntülərdi.
Faciənin, dərdin miqyası ölçüyə gəlməz. Yetim qalan uşağa sahib çıxmağa sağ qalan bir uzaq qohumu da tapılmır. "Qorxulu nağıllar" yadıma düşür. "Qaraca qız"... "Ata oğulu, oğul ananı, qardaş bacını səsləyə-səsləyə daş-torpağı ayırırdılar".
Dəhşəti içindən keçirən dəprəmzədələr soyuqqanlığını qoruyur, panikin bu an işə yaramayacağını anlayır, yaxınlarının izi ilə gedib onları axtarmaqda davam edir. Düz də edir. "Elnən gələn dərd toy-bayramdır" deyilən bu yəqin... İnsanları sanki isti sudan çıxarıb soyuq suya salıblar, hamı şokdadır. Addım atmağa yer yox. Viranəliyin üstünü qar örtüb, elə bil şəhərlər kəfən geyib. Heç sağ qalan yaxının üçün sevinə də bilmirsən... Bəs ölənlər? Dirigözlü uçqunun altında ölümünü gözləyənlər? Onlar necə olsun? Hamısı bizimdir, millətimizindir. "Tökülən qanları yüzillərin qar-yağışı yuyub apara bilməz". Lakin, lakin "Türkiyənin evi yıxıldı", - deməyin. Böyük millətin faciəsi də böyük olur. "Dünənlə bu gün arasında savaş olarsa, sabahı itirərik". Ard-arda göz açmağa imkan verməyən afət-fəlakətə Türkiyədi sinə gərən, duruş gətirən. Nəyin hesabına, nəyin bahasına? "Dağlar əritdi" bu yolda Türkiyə. Yıxılmaq, sınmaq, ümidsizlik türkə görə deyildir. Cumhurbaşqanı R.T.Ərdoğan deyən kimi, ürəklərimizdəki bu yanğını söndürməkdə də qərarlıyız. Tək ürək, tək bilək olaraq bu zor günlərin də öhdəsindən gələcəyik.
Türk göz yaşı da tökə bilir (Ağlamaq zəiflik deyil), göz yaşını silib sıfırdan başlaya da bilir. Bu dəfə də belə olacaq! Necə ki, tarix boyu belə olub. Hatay 7 dəfə yerlə yeksan olmuş və hər dəfəsində sıfırdan qurulmuşdur. Xalq "əslimizdə əsillik var. Dədələrimiz qoca daşları nərələrə çıxarıb nələr tikdi. Bizmi bərpa edə bilməyəcəyik?" - deyir. Mustafa Kamal da "möhtac olduğun qüdrət damarlarındakı əsil qanda mövcuddur", - demişdi. Zəlzələöncəsi və sonrası hər şey skrupulyoz analiz ediləcək, artıq nə qədər günahkar bilinən göz altına alınıb. Sağ qalanlar, bundan sonra dünyaya gələcəklər gedənlərin davamıdır. Həyatın qanunlarından biri də budur. Əsla ümidsizliyə qapılmaq olmaz. Onlar işığı arxalarınca söndürməyib gediblər. Bir ölər, min dirilərik. "Zaman bir daha qayıtmamaq şərti ilə axır". İrəli baxmaq, nəticə çıxarmaq lazımdır. Sonradan başına-gözünə döyüb düşmən sevindirməkdən, 10 000-ləri ağlayıb bərpaya ağlasığmaz vəsait sərf etməkdənsə, əvvəldən onun bir hissəsinə ehtiyat tədbirləri görmək olmazmı? Hər halda, ağrı xeyli xəfifləyər. Zəlzələ zəlzələ yerində, Volandın sözləri ilə desək, "kərpic duran yerdə heç vaxt, heç nədən heç kimin başına düşmür". Domino kimi dağılıb aşan bina ilə üzbəüz mağazanın vitrinində bir nimçə belə tərpənməmişdi. Xalq arasında Şaban təxəllüsü ilə məşhur olan, 82 filmə çəkilmiş əfsanəvi türk teatr və kino aktyoru Kamal Sunal vaxtilə bir inşaat firmasının reklam üzü olmaqdan imtina etmiş, qarşılığında tikiləcək evlərdən birinin sahibi olmaq fürsətini əldən vermişdi: "Yarın bir gün bu evlər yıxılırsa, və insanlar reklamında oynadığım üçün mənə güvənib o evləri almış olursa, mən vicdanıma nasıl hesab veririm, öylə bir durumda". Sonu etiraf, peşmançılıq olmasın deyə (indiki kimi), vicdan, məsuliyyət önə çəkilməli, göstərilən nümunədəki kimi millət, xalq olaraq hər kəs gələcəyi düşünməlidir. Bu zəlzələ bir də 500 ildən sonra baş verə bilər. "Məndən ötsün, qardaşıma dəysin" olmamalıdır. Əlibəy Hüseynzadənin 1939-cu ildə yazdığı şeir nə yazıq ki, bu gün də aktualdır. Demə ki, poeziya zamanı deyil, əksinə, bir şeir ovqatı yaranır. Ədəbiyyat "gəncliyi yetişdirir, iqbalda süs, fəlakətdə təsəlli və sığınaq olur".
Ölən öldü, dirilməz, sağı qurtarmağa bax.
Viran evlər düzəlməz, yeni yurd qurmağa bax.
Modern olsun, dayansın, sarsıntiya, yanğına;
Yıxmasın, uçurmasın zəlzələ, sel, fırtına!
Birlik-bərabərliyin əbədi olsun, Türkiyəm! Bu sınaqdan da tez bir zamanda çıxacağına əminəm!
Dilarə Adilgil
.jpg)