Pakistan Türkiyəyə axtarış-xilasetmə qrupları göndərir - ÖZƏL
7 Fevral 2023 09:57 DünyaPakistan Baş nazir Şahbaz Şərifin göstərişi ilə Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə əlaqədar Türkiyəyə axtarış-xilasetmə qrupları göndərdi. Baş nazirlikdən verilən açıqlamaya görə, 50 nəfərlik axtarış-xilasetmə qrupu və 25 ton yardım vəsaiti bu səhər Pakistan Beynəlxalq Hava Yollarına (PİA) məxsus təyyarə ilə Türkiyəyə yola düşüb. Pakistan ordusu isə Ravalpindidəki Çakala Hava Bazasından havaya qalxan silahlı qüvvələrin C-130 nəqliyyat təyyarəsinin Adanaya doğru yola düşdüyünü açıqlayıb. Açıqlamaya görə, burada lazımi avadanlıqlarla təchiz edilmiş təlim keçmiş it və axtarış-xilasetmə qrupu, həkim, tibb bacısı, texniki işçilərdən ibarət tibbi yardım qrupu, 30 çarpayılıq səyyar xəstəxana və müxtəlif yardım materialları mövcuddur. Bu gün axşam saatlarında qış çadırları, ədyal və digər məhsullar daxil olmaqla 7 ton yardım materialı C-130 təyyarəsi ilə Lahordan İstanbula daşınacaq. Digər tərəfdən sabahdan etibarən İslamabad və Lahordan Türkiyə və Suriyaya PİA-nın gündəlik reysləri ilə 15 ton humanitar yardım və tibbi qruplar göndəriləcək.