Moskva Ukraynada niyə uğur qazana bilmir? – Rusiya kəşfiyyatı harada səhv edib? (TƏHLİL)
16 Mart 2022 09:30 DünyaMoskvanın Ukraynanı işğal etmək qərarı qüsurlu kəşfiyyat məlumatlarına əsaslanıb? Yoxsa yaxşı kəşfiyyat məlumatından düzgün istifadə olunmayıb?
Azpost.info bildirir ki, "Radio Free Europe/Radio Liberty" bu suallara cavab axtarıb.
Daha böyük, yaxşı təchiz edilmiş, geniş islahatlar və restrukturaziya aparılmış Rusiya ordusunun qısa müddətdə Ukraynanın nisbətən kiçik silahlı qüvvələrinin sonunu gətirəcəyi düşünülürdü. Kremlin proqnozlarına görə, Rusiya qüvvələri xoş qarşılanmalıydı, kiçik müqavimət ola bilərdi. Ukrayna hökuməti ya qaçacaq, ya iflas edəcəkdi, yaranan boşluğu isə Moskvanın təyin edəcəyi rəsmilər dolduracaqdı.
Amma bunların heç birinin baş verməməsi sual yaradıb:Kremlin pis qərar verməsinə pis informasiya səbəb olub?
Martın 11-də Rusiyanın müdafiə naziri Prezident Vladimir Putinlə videokonfransda bunun əksini deyirdi. "Vladimir Vladimiroviç, hər şey plan üzrə gedir. Bu haqda hər gün sizə məlumat veririk", - Putinin yaxın dostlarından sayılan Sergey Şoyqu vurğulayıb.
Amma Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) fərqli mövqedədir. İdarənin direktoru Uilyam Berns martın 8-də ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində deyib ki, Putin və müşavirləri Ukrayna ordusunun müqavimətini yetərincə dəyərləndirməyib.
"Məncə, Putin indi qəzəbli və məyusdur. Onun ordusu özünü yaxşı göstərməyib", - Berns vurğulayıb.
Radionun təhlilində deyilir ki, Kremlin qərarvermə prosesi qara qutu kimi tanınır, xarici kəşfiyyat xidmətləri onu çətinliklə anlayır. 24 fevral işğalına aylar qalmış ABŞ və Qərb kəşfiyyatı Putinin müşavir sayının xeyli azaldığını bildirirdi. Bir səbəb kimi də COVID-19 pandemiyası ilə bağlı Kremlin məhdudlaşdırıcı addımları görülürdü.
Hazırda Putinin ən yaxın müşavirləri sırasında hökumətdə müharibə tərəfdarlarının olduğu bildirilir. Onların sırasında Federal Təhlükəsizlik Xidmətinin (FSB), Müdafiə Nazirliyinin başçıları var. Onlardan azı biri, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sovetlərin süqutuna dair konspirologiya nəzəriyyələrinə dəstəyini bildirib.
Digəri isə varlı bankir, Putinlə hələ 1990-cı illərin əvvəllərindən dostluq edən Yuri Kovalçukdur. O, Putinin pravoslavlıq mistikası, antiamerika konspirologiya nəzəriyyələri ilə bağlı baxışlarını bölüşür.
"Fikrimcə, bizim qərar verənlərin nəinki Ukrayna və keçmiş SSRİ-də təcrübəsi olmayıb, onlar heç bunu istəməyiblər", -Karnegi Moskva Mərkəzinin siyasi təhlilçisi Andrey Kolesnikov belə deyir.
"Onlar reallığı özlərinə xas şəkildə dərketmənin və ideoloji məqamların əsiridirlər", - deyən Kolesnikov "Ruskiy Mir" - "Rus Dünyası"nı misal çəkir. Kremlin təbliğ etdiyi bu yayğın tarixi konsepsiya Rusiya imperiyasının 19-cu əsrdə tutduğu əraziləri indiki Rusiyanın sərhədləri daxilində görür.
Bir çox kəşfiyyat xidmətləri kimi FSB-nin də siyasi təhlil və kəşfiyyat aparan bölmələri var. FSB-nin 5-ci Xidməti fevralın əvvəlində Ukraynada ictimai rəy sorğuları keçirib.
Londonda yerləşən "Royal United Services Institute" (RUSI) adlı təhlil mərkəzi rəy sorğularını görüb. Qurum bildirib ki, sorğular ukraynalıların hökumət institutlarına böyük inamsızlığını göstərib.
RUSI bildirir ki, Putin işğaldan öncə televiziya ilə müraciətində Ukraynada idarəçiliyin qüsurlarından danışıb. Görünür, FSB-nin sorğularına istinad edib. "FSB sorğu keçirdiyi vaxt fikirləri dəqiq ölçə bilərdi. Amma işğaldan sonra fikirlərin necə dəyişəcəyini nəzərə almayıb", - təhlil mərkəzinin hesabatında deyilir.
RUSI-nin tədqiqat təhlilçisi Nik Reynolds informasiyanın yaxşı olduğunu, amma ondan optimal istifadə olunmadığını düşünür. Rəy sorğularına görə, müharibəyədək ukraynalıları əsasən ərzağın, enerjinin qiyməti və korrupsiya narahat edirdi. Reynolds deyir ki, qərar buna əsasən verilibsə, ukraynalıların onları xoş qarşılayacağı güman edilibsə, informasiyadan yanlış istifadə olunub.
Martın 11-də yayılmış xəbərə görə, FSB-nin Beşinci Xidmətinin başçısı və onun müavini Ukrayna əməliyyatları üçün ayrılmış vəsaiti mənimsəmə şübhəsilə həbs edilib. Jurnalist Andrey Soldatov onların həmçinin Ukraynada siyasi vəziyyətlə bağlı bilərəkdən yanlış informasiya verməkdə suçlandığını bildirir.