Bill Qeytsin yeni qlobal fəlakət xəbərdarlığı, Rusiyanın nüvə hücumu cəhdi
2 Mart 2022 14:18 DünyaVə gərginliyə doğru gedən geosiyasi vəziyyət
Hələ bir müddət əvvəl "Microsoft"un qurucusu Bill Qeyts dünyanın koronavirusdan pis bir bəla ilə üzləşəcəyini bəyan etmiş və ölkələri buna hazır olmağa çağırmışdı. Tam bir həftə əvvəl Ukraynaya başlanan hücum Bill Qeytsin məlum xəbərdarlığını yenidən yada saldı və "Microsoft"un qurucusunun sözlərinin təsadüfi olmadığını təsdiq etmiş oldu. Öz-özlüyündə Rusiya-Ukrayna müharibəsi, daha dəqiq desək Moskvanın Kiyevi işğal etmək planı iki ölkə arasında gedən savaş kimi görünsə də, cərəyan edən proseslər sübuta yetirdi ki, bu müharibə heç də təkcə Rusiya ilə Ukrayna arasında gedən müharibə deyil. Bu müharibə həm də bir çoxlarının qeyd etdiyi kimi üçüncü Dünya müharibəsi, eyni zamanda Bill Qeytsin söylədiyi kimi qlobal miqyaslı bəladır. Hətta pandemiyadır. Hər halda Rusiyanın artıq bir neçə gündür ki, nüvə silahını döyüşə hazır vəziyyətinə gətirməsi, eyni zamanda Ukraynaya kimyəvi başlıqları olan qadağan olunmuş silahlar, vakuum bombası atması deyilənləri təsdiqləyir. Şimal qonşumuzun bir qədər də irəli gedib nüvə silahını işə salması sözün həqiq mənasında dünyanı koronavirus pandemiyasından ciddi bir bəla ilə üzləşdirə bilər. Təkcə Çernobl Atom Elektrik Stansiyasının vurulması kifayət edər ki, dünyanın böyük bir hissəsi qlobal miqyaslı bəla ilə üzləşsin.
Əslində Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etməsə belə, (hərçənd buna zəmanət də yoxdur) yenə də dünya, geosiyası məkan ciddi problemlərlə üzləşəcək. Xüsusilə də Rusiya və onun qarşılıqlı faydalı əməkdaşlıq etdiyi ölkələr. Məlumdur ki, Rusiyanın Ukraynanı işğalına qarşı başda Birləşmiş Ştatlar olmaqla Qərb, Avropa Kremlə qarşı sərt saksiyalar tətbiq ediblər. Təkcə bir neçə gün ərzində tətbiq olunan bu sanksiyalar nəticəsində Rusiya trilyonlarla dollar itirib, Rusiya iqtisadiyyatı tamamilə iflic vəziyyətinə düşüb, ölkə vətəndaşları ciddi sosial problemlərlə üzləşiblər. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, Rusiyanın Qərbin sanksiyalarından üzləşdiyi iqtisadi və maliyyə böhranını təsəvvür edək. Belə ki, Rusiyanın iri neft şirkətlərindən olan Lukoyl sanksiyaların tətbiq edildiyi qısa müddətli bu günlər ərzində gəlirlərinin 60 faizini itirib. Qeyri-rəsmi məlumatlara görə, sanksiyalar gündəlik olaraq Lukoyla 3-5 milyard dollar həcmində ziyan vurur. Nəzərə alsaq ki, Qərbin sanksiyaları Lukoyl kimi yüzlərlə rus şirkətlərinə tətbiq edilib, o zaman Rusiya iqtisadiyyatını yaxın 1-2 həftə ərzində təsəvvür etmək çətin deyil. Yəni tamamilə quyunun dibinə düşmüş durumda.
Heç şübhəsiz ki, Rusiya iqtisadiyyatının çökməsi bir tərəfdən bu ölkənin imperialist, faşizm siyasətinin tədricən məhv olması, dünyaya ağalıq etmək niyyətində olan Rusiyanın tamamilə gücsüz duruma düşməsi ilə nəticələnəcəksə, digər tərəfdən Moskva ilə bu və ya digər dərəcədə əlaqələri olan ölkələrin iqtisadiyyatına, həmin ölkələrin vətəndaşlarının sosial rifah halına təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, Rusiya adlı dövlətdə azərbaycanlılarla yanaşı keçmiş müttəfiq respublikalardan olan milyonlarla insan yaşayır və Rusiya iqtisadiyyatının çökməsi onların da həyat tərzinə öz mənfi təsirini göstərəcək. Bu təsir istər-istəməz həmin insanların ölkələrində də öz mənfi elementlərini hiss etdirəcək.
Məsələnin digər tərəfi isə Rusiyanın hərbi gücü ilə bağlıdır. Ukraynanı 48 saata fəth edə biləcəklərini deyən Kreml rəsmilərinin ümidləri boşa çıxdı. Artıq 7-ci gündür ki, Rusiya çoxminli ordusu ilə Ukraynanı fəth edə bilmir ki, bu da sözdə nəhəng hesab edilən Rusiya ordusunun əslində bir xof olduğu, real gücə malik olmadığı qənaətini formalaşdırır. Bu isə gələcəkdə Rusiyanın Ukraynanı işğal etməsinə baxmayaraq ona qarşı ciddi hərbi dirənişlər göstəriləcəyi ehtimalını artırır. Göründüyü kimi, Rusiya-Ukrayna savaşı gələcək geosiyasi vəziyyət üçün ürəkaçan heç nə vəd etmir. Bu arada poilitoloq Züriyə Qarayeva da deyir ki, geosiyasi durum gərginliyə doğru gedir, müharibə ocaqlarının sayı artdıqca beynəlxalq qurumların təsir imkanları zəifləyir: "ATƏT-in adı çəkilmir. BMT heç bir qərar qəbul edə bilmir. Artıq Vyana, Paris, Yalta, Tehran, Potsdam kimi konfranslar keçirilə bilmir. Son 150-200 ilin məhsulu olan beynəlxalq hüquq işə yaramır. Çünki, həmin hüquqlar Rusiyadan qabaq Qərbin özü tərəfindən pozulmuşdu. Bu gün isə qarşı cəbhə göz yumduğu hadisələrin acı nəticəsini yaşayır. Müharibənin hansı nəticələrlə bitəcəyini demək tez olsa da, tək həqiqət isə odur ki, dünya birliyi hələ uzun müddət qınamağa davam edəcək".
Füzuli