Ermənistanda faşizm, terror dövlət siyasəti səviyyəsindədir
13 May 2020 09:49 DünyaFatma Yıldırım: "Nikol Paşinyanın babasının da faşistlərə xidmət etməsi bu gerçəkliyin göstəricisidir"
Ermənistanın terror dövləti olduğu artıq bütün parametrlər üzrə öz təsdiqini tapır. Hətta işğalçı ölkənin rəsmiləri də bilərəkdən və ya bilməyərəkdən verdikləri açıqlamalar, səsləndirdikləri fikirlər, eləcə də atdığı addımlarla demək olar ki, bunu sübuta yetirirlər. Onu da xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın Paşinyan hökuməti zamanından bu ölkədə faşizmə, nasizmə bir təssübkeşlik, faşizm ideyalarına bağlılıq özünü daha qabarıq şəkildə göstərir. Hitler Almaniyasına xidmət etmiş Nijdeyə abidənin ucaldılması, Müstəqil Dövlətlər Birliyinin sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın Njdedən ağız dolusu danışması deyilənlərin əyani sübutudur. Bu günlərdə isə Ermənistan rəhbərliyi bir daha faşizmə təssübkeşliyini nümayiş etdirib. Belə ki, Nikol Paşinyanın qələbənin 75 illiyi münasibətilə babasının fotosunu paylaşması həm Ermənistan rəhbərliyi, həm də işğalçı ölkə üçün baş ağrısına çevrilib. Məlum olduğu kimi Paşinyanın babasının əslində müharibə vaxtı faşist Almaniyasına xidmət etdiyi müəyyənləşib. Bununla da bir daha Ermənistanın faşizm, nasizm ideologiyasına xidmət etdiyi, bu ölkənin mahiyyətində qəddarlıq, vəhşilik olduğu təsdiqini tapıb. Məlumaat üçün qeyd edək ki, hələ MDB sammiti zamanı Azərbaycan Respubliksının Prezidenti Cənab İlham Əliyev Ermənistanın faşist ideologiyasına xidmət etdiyini birbaşa baş nazir Nikol Paşinyanın üzünə demiş, bu ölkənin qəddarlıq, insanlıq əleyhinə cinayətlər törətdiyini vurğulamışdı.
Millət vəkili Fatma Yıldırım da Ermənistanın faşizm ideologiyasına xidmət etdiyi qənaətindədir. O, bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsinə dair ciddi faktların ortaya çıxması bır sıra məqamlardan xəbər verir. Millət vəkilinin sözlərinə görə, bu, o deməkdir ki, Ermənistanda faşizm ideologiyasının kök salması yeni məsələ deyil: "Ermənistanda faşizm, terror dövlət siyasəti səviyyəsindədir. Nikol Paşinyanın babasının da faşistlərə xidmət etməsi bu gerçəkliyin göstəricisidir. Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkələrdən biridir. Eyni zamanda, ermənilərin terror təşkilatlarının dünyada, o cümlədən Avropada terror aktları törətdikləri beynəlxalq ictimaiyyətə məlumdur. Bütövlükdə isə Ermənistan dövlətinin əsasında faşizm ideologiyasının dayanmasına əyani fakt kimi Xocalı soyqırımını göstərmək də kifayətdir. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı qəddarlığın, vandalizmin miqyası baxımından çox dəhşətlidir".
Millət vəkili onu da qeyd edib ki, Ermənistan həm də rasizmə söykənən, monoetnik ölkədir: "Belə ki, ermənilər digər millətlərin nümayəndələrinə hər zaman dözümsüz yanaşıb, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması buna sübutdur. Məlumdur ki, bir neçə gün öncə bütün dünyada faşizm üzərində qələbənin 75-ci ildönümü qeyd olundu. Belə bir vaxtda Ermənistanın baş nazirinin babasının faşistlərə xidmət göstərməsi haqqında faktların üzə çıxması işğalçı ölkənin rəhbərinin də simasını açır. Bu gün Nikol Paşinyanın işğalçılıq mövqeyini davam etdirməsi bu amilin genetik məqamlarla da bağlı olduğunu təsdiqləyir. Vaxtilə baba Nikol Paşinyan alman faşistlərinə xidmət edib, nəvə Nikol Paşinyan isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını davam etdirir, heç bir halda sülhə gəlmək istəmir". Millət vəkili deyib ki, bütövlükdə, bu gün faşistləri qəhrəman kimi təqdim etmək cəhdlərində işğalçı Ermənistanın xüsusi rolu var: "Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilib. Bir neçə il bundan əvvəl Ermənistanda Njde ləqəbi ilə məşhur olan faşist cəlladı Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub, heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edib. İş burasındadır ki, Serj Sərkisyanı devirib Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan da hər vəchlə Njdeyə abidə qoyulmasını dəstəkləyir, onu qəhrəman kimi təqdim edir. Mən şübhə etmirəm ki, əgər ciddi araşdırmalar aparılarsa baba Paşinyanın məhz Njdenin başçılığı altında faşistlərə xidmət göstərməsi sübuta yetirilər. Yəqin ki, baş nazir Nikol Paşinyanın Njdeni ciddi cəhdlə müdafiə etməsinin əsasında da bu fakt dayanır".
Süleyman