Misirdə Yeni il ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib

Misirdə Yeni il ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib

Misirin hüquq-mühafizə orqanları paytaxt Qahirə və ölkənin digər şəhərlərində Yeni il şənliklərində əhalinin, xüsusən xristian dininə mənsub olan vətəndaşların təhlükəsizliyinin qorunması məqsədilə tədbirlər həyata keçiriblər. Builki təhlükəsizlik tədbirləri planı da 2013-cü ildən bəri davam edən terror aktlarının qarşısını almaq məqsədilə hazırlanıb.

AZƏRTAC "Egypt Today" portalına istinadla xəbər verir ki, tədbirlər planında ziyarət yerlərinin, tarixi abidələrin, ələlxüsus kilsələrin ətrafında polis nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Qanun keşikçilərinə çətin vəziyyətdə qalan insanlara kömək etmək, terror aktı törətmək istəyənlərə qarşı qətiyyətli hərəkət etmək tapşırılıb. Misirin Daxili İşlər Nazirliyi vətəndaşları Yeni il şənliklərində bir-birinə hörmətlə yanaşmağa, qanunlara riayət etməyə və insident baş verdikdə polislə əməkdaşlığa çağırıb. Planda, həmçinin yoxlama məntəqələrinin qurulması da nəzərdə tutulub. Qadın polis bölməsinin əməkdaşları da şübhəli şəxslərin yoxlanılmasında iştirak edəcəklər. Bomba təhlükəsinə qarşı xüsusi təlim keçmiş itlərdən istifadə olunacaq. Artıq bütün kilsələrin girişində elektron qapılar quraşdırılıb.

Xatırladaq ki, Misirdə əhalinin cəmi 10 faizi xristianlardan ibarətdir, onların böyük əksəriyyəti isə İsgəndəriyyədə yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31