Banqladeşdə daşqın və torpaq sürüşməsi

Banqladeşdə daşqın və torpaq sürüşməsi

Şiddətli leysan nəticəsində meydana gələn daşqın və torpaq sürüşməsində Banqladeşdə sığınacaq tapmış Rohinca müsəlmanlarının 5 min çadırı dağılıb, ən azı 10 qaçqın həlak olub.

AzərTAc xəbər verir ki, bu barədə Banqladeş Meteorologiya Departamenti məlumat yayıb.

Məlumatda, həmçinin ölkənin cənub-şərqində məskunlaşmış onlarla qaçqının itkin düşdüyü bildirilir. Qeyd olunur ki, Koks Bazar rayonunda sığınacaq tapmış bir milyona yaxın müsəlman təbii fəlakətin yaratdığı humanitar böhran vəziyyətindədir.

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) nümayəndəsi də bildirib ki, iyulun əvvəlindən başlayan yağışlar və torpaq sürüşməsi nəticəsində 50 min qaçqın ağır şəraitdə yaşayır. Bundan başqa, 6 min müsəlman qaçqın müvəqqəti yaşayış yerlərini tərk etməli olub, bölgədəki 750 təhsil mərkəzi də dağılıb.

Yerli hakimiyyət orqanları və beynəlxalq humanitar təşkilatların nümayəndələri bəyan ediblər ki, içməli suyun olmaması və dərman çatışmazlığı infeksion xəstəliklərin yayılmasına səbəb olacaq. Dünya Ərzaq Proqramının sözçüsü Gemma Snoudaun Rohinca müsəlmanlarına ərzaq yardımının artırıldığını bildirib. Onun sözlərinə görə, aclıqdan ölmə həddində olan 11 400 nəfərə humanitar yardım çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31