Zaur Ustacın ömür və yaradıcılıq salnaməsi
22:00 SosialHər bir insanın ömür yolu onun doğulduğu mühitdən, ailə köklərindən və böyüdüyü torpağın ruhundan qaynaqlanır. Azərbaycanın müasir ədəbi-ictimai fikrində özünəməxsus yeri olan, zabit şərəfini yazıçı qələmi ilə birləşdirən Zaur Ustac (Zaur Mustafa oğlu Mustafayev) məhz belə zəngin və şərəfli bir keçmişin varisidir. Onun həyat hekayəsi təkcə fərdi bir uğur hekayəsi deyil, həm də vətənpərvərlik, milli köklərə bağlılıq və yaradıcılıq eşqi ilə yoğrulmuş bütöv bir ömür dastanıdır.

Zaur Ustac 8 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı və hörmətli bir ailədə dünyaya göz açmışdır. O, həmin dövrdə Maştağa qəsəbə sovetinin deputatı olan Mustafa Museyiboğlunun ailəsində ilk övlad, ümumilikdə isə Ustaclı Alagöz kişinin - Mahmud oğlu Müseyibin ilk nəvəsi olaraq doğulmuşdur. Nəslin ilk davamçısı kimi hər kəsin sevimlisinə çevrilən balaca Zaurun taleyi erkən yaşlarından etibarən doğma yurdun ətri ilə bəzənir. Ailə vəziyyəti ilə əlaqədar olaraq atası Mustafa müəllimin (o, gəncliyində "Gizir" təxəllüsü ilə lirik şeirlər yazan yaradıcı bir insan idi) öz doğma yurdlarına - Ağdam rayonunun Yusifcanlı kəndinə köçməsi gənc Zaurun həyatında yeni bir səhifə açır. Uşaqlıq illərini babası Müseyibin atının tərkində, Qarabağın füsunkar təbiəti qoynunda keçirən Zaur, bu torpağın hər daşına, hər cığırına qəlbən bağlanır. O, ilk təhsilini 1981-1991-ci illərdə Ağdam rayonu Yusifcanlı kənd orta məktəbində alır və elə həmin illərdə gələcək xarakterinin təməllərini atır.
Məktəbi bitirdikdən sonra, 1992-ci ildə yüksək nailiyyətlə Bakı Dövlət Universitetinin tələbəsi adını qazanan Zaur Mustafayevin ali təhsil illəri ölkənin ən ağrılı dövrünə təsadüf edir. 1993-cü ilin yazında, Qarabağ müharibəsinin ən şiddətli vaxtında, gənc Zaur daxili bir vətənpərvərlik çağırışı ilə təhsilini yarımçıq qoyur və könüllü olaraq rəsmi şəkildə döyüşən ordu sıralarına qoşulur. O, təkcə müharibə dövründə deyil, atəşkəs elan olunduqdan sonra da təxminən bir il ərzində ən qaynar nöqtələrdə - Ağdərə və Tərtər istiqamətlərində vətənə xidmətini mərdliklə davam etdirir. Daxilindəki hərb sənəti sevgisi və peşəkarlıq istəyi onu 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə gətirir. 1999-cu ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vuran Zaur Mustafayev, artıq peşəkar bir zabit - leytenant hərbi rütbəsində yenidən cəbhə bölgəsinə, ön xəttə göndərilir. 2002-ci ilə qədər cəbhədə şərəflə xidmət edən Zaur Ustac, səhhətində yaranan problemlər və xidmətə mane olan digər obyektiv səbəblərdən ötrü ordu sıralarından ehtiyata buraxılır. Lakin o, bu gün də qəlbi vətən eşqi ilə döyünən mənsub bir ehtiyatda olan zabitdir.
Hərbi xidmətdən sonra da Zaur Ustac öyrənməkdən və özünü təkmilləşdirməkdən qalmır. O, sonrakı illərdə Bakı Biznes və İxtiraçılıq İnstitutunda, həmçinin Şamaxı Humanitar Kollecində təhsilini davam etdirərək intellektual bazasını daha da genişləndirir. Komandan, mühəndis və müəllim kimi bir neçə çoxyönlü və nüfuzlu ixtisasa sahib olmasına baxmayaraq, o, uzun illərdir ki, özəl şirkətlərin birində xəzinadar kimi məsuliyyətli bir vəzifədə çalışır. Bu, onun həm də dəqiq, etibarlı və nizam-intizamlı bir xarakterə malik olmasının bariz göstəricisidir.
Zaur Ustacın həyatının ən parlaq və cəmiyyət üçün faydalı sahələrindən biri onun ədəbi-bədii və jurnalist fəaliyyətidir. Atası Mustafa müəllimindən ötən yaradıcılıq geni və Qarabağ mühitinin bəxş etdiyi ilham, onu ölkənin aparıcı mədəniyyət xadimlərindən birinə çevirmişdir. O, hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda, Müstəqil Yazarlar Konfederasiyasının icraçı katibi kimi gənc və müstəqil qələm sahiblərinin tanınmasında böyük xidmətlər göstərir. Onun yaradıcı təşəbbüskarlığının ən böyük töhfələrindən biri 2007-ci ildən əsasını qoyduğu və baş redaktoru olduğu "Yazarlar" jurnalıdır. Jurnalın ardınca, dövrün tələblərinə uyğun olaraq 2010-cu ildən etibarən "Yazarlar.az" portalını da oxucuların ixtiyarına vermişdir. Bu platformalar uzun illərdir ki, Azərbaycanda söz və fikir adamlarının, şair və yazıçıların virtual və çap məkanı, vahid ədəbi tribunası rolunu oynayır.
Müasir Azərbaycan ədəbiyyatında əsasən şair-publisist kimi tanınan Zaur Ustacın qələmi təkcə bu janrlarla məhdudlaşmır. O, cəmiyyətin aktual, ağrılı və düşündürücü mövzularını əhatə edən bir-birindən maraqlı esseləri, hekayələri və felyetonları ilə də geniş oxucu kütləsinin dərin rəğbətini qazanmağı bacarıb. Onun satirik və publisistik dili oxucunu həm düşündürür, həm də maarifləndirir. Zaur Ustac 1988-ci ildən bəri fasiləsiz olaraq dövri mətbuatda yazıları ilə çıxış edir və bu günə qədər 50-dən artıq kitabın müəllifidir. Müəllifin publisistik fikirlərini, cəmiyyətə baxışını əks etdirən "Qələmdar" ("Qələmdar", "Qələmdar-1", "Qələmdar-2" və s.) silsilə kitabları onun cəsarətli qələminin və zəngin dünyagörüşünün məhsuludur. Onun yaradıcılığının böyük əksəriyyətini təşkil edən şeir kitabları isə vətənə və onun qəhrəman övladlarına həsr olunub. Müəllifin "Oriyentir ulduzu", "Dağ", "Nəcəfi Elxan", "40 gün-40 şeir" kimi kitabları məhz şəhidlərimizin əziz xatirəsinə ithaf edilmişdir. Bundan əlavə, doğulub boya-başa çatdığı kəndin qəhrəmanlarını yaşadan "Yusifcanlı şəhidləri" silsilə kitabları da hazırda nəşr olunmaqda davam edir.
Zaur Ustac sadəcə yazan deyil, həm də kitab mədəniyyətini yayan və yaşadan bir naşirdir. Onun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən "25 yarpaq", "Dost sözü", "Kitab haqqında kitab" və "Munis yazılar" kimi kitabçılıq layihələri müasir ədəbi mühitdə təqdirəlayiq hadisələr hesab olunur və bu gün də uğurla davam etdirilir. Son dövrlərdə gənc və müstəqil ədəbi tənqidçi Günnur Ağayevanın tərtib etdiyi "Munis yazılar - 2" kitabı da bu uğurlu naşirlik və ədəbi əməkdaşlığın ən gözəl nümunələrindən biridir.
Zaur Ustacın fəaliyyətinin bəlkə də ən uğurlu və strateji əhəmiyyət kəsb edən sahəsi məktəbəqədər yaşlı uşaqlar üçün yazdığı əsərlərdir. Onun uşaqların idraki inkişafına kömək edən, hərf və rəqəmləri sevdirən şeirləri bütün Azərbaycan coğrafiyasında məşhurdur. Onun balacalar üçün qələmə aldığı, könüllülük prinsipi ilə tətbiq olunan "Tapmaca tap - rənglə" kitabı uzun illərdir ki, Güney Azərbaycanda açıq satışdadır və soydaşlarımız tərəfindən böyük sevgi ilə qarşılanır. Şairin bağça və ibtidai sinif yaşlı uşaqlar üçün yazdığı şeirlərin yer aldığı "Məktəbə hazırlaşırıq - metodik vəsait" ("Gülünün şeirləri", "Güllünün şeirləri" kitabları) 2019-2020-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının məktəb və liseylərində məktəbəhazırlıq qruplarında rəsmi olaraq tədris olunur. Bu vəsait hər bir ibtidai sinif müəlliminin ən yaxın köməkçisinə və stolüstü kitabına çevrilmişdir. Eyni zamanda o, balacalar üçün ingilis dilindən orijinal, maraqlı və tərbiyəvi əhəmiyyətə malik hekayələri dilimizə qazandıran uğurlu bir tərcüməçi kimi tanınır.
Zaur Ustacın poetik dünyasında təbiətə, xüsusən də çiçəklərə olan sevgi özünəməxsus bir fəlsəfi məna kəsb edir. O, çiçək sevgisini şeirlərində dönə-dönə vəsf edir, onlara fərqli bədii çalarlarla yanaşır. Məsələn, müəllif "Ağçiçəyim" şeirində saflığı, təmizliyi gözəlliyə vurğunluq hissi ilə ön plana çəkir.
Eyni ecazkar heyranlığı və gözəllik qarşısında çarəsizliyi "Şehçiçəyim..." şeirində də görürük.
Lakin şairin çiçəklərə baxışı hər zaman sadəcə estetik zövqlə məhdudlaşmır. Onun "İnci, qərənfil" şeirində bu sevgi tamamilə başqa bir məna kəsb edir. Əgər ilk iki şeirdə heyranlıq üstünlük təşkil edirsə, bu şeirdə dərin bir məhzunluq, çiçəyin halına acımaq duyğusu hakimdir. Bu kədərli notlar, heç şübhəsiz ki, Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar qərənfillərinin müəllif qəlbində buraxdığı silinməz təəssüratdan irəli gəlir.
Təbiətin çətin şəraitə dözümünü və İlahi lütfünü isə "Yulğun çiçəyi..." əsərində poetikləşdirir.
Şairin bir neçə bədii nümunəsi dağlara və yurdun ucalığına həsr olunub. Dağlar onun poeziyasında həm xalqın dərd-sərinin şahidi, həm də ordunun arxası, vüsal beşikləridir. O, həm millətin çəkdiyi zilləti dilə gətirir, həm də gələcəyə böyük ümidlə baxır.
Zaur Ustacın çoxşaxəli fəaliyyəti, publisistikası və bədii sənətkarlıq sistemi elmi və pedaqoji dairələrin hər zaman diqqət mərkəzindədir. Gündəlik mətbuatda işıq üzü görən pərakəndə yazıları istisna etsək, müəllifin yaradıcılığı ölkənin görkəmli elm adamları və tənqidçiləri tərəfindən sistemli şəkildə tədqiq olunmuş və qiymətli fundamental əsərlər ortaya qoyulmuşdur. Zaur Ustac irsini dərindən araşdıran, təhlil edən və haqqında dəyərli yazılar qələmə alan əsas tədqiqatçılar sırasına Qurban Bayramov, Ayətxan Ziyad, Akif Abbasov, Kamal Camalov, Taleh Xəlilov, Gülü xanım, Qələndər Xaçınçaylı, Hacıxanım Aida, Vaqif Yusifli, Vaqif İsaqoğlu və son dövrlərdə dövri mətbuatda öz kəsərli yazıları ilə tez-tez çıxış edən gənc müstəqil ədəbi tənqidçilər Günnur Ağayeva, Həcər Atakişiyeva, ölkəmizin sərhədlərindən kənarda; Türkiyədən Haluk Tanrıverdi, Özbəkistandan Cahangir Namazov, Əlcəzairdən Turkia Loucif daxildir.
Müəllifin zəngin ədəbi irsinin müxtəlif dövrlərinin elmi pasportu hesab olunan və onun haqqında yazılmış monoqrafiyalar ədəbi mühitdə yüksək qiymətləndirilir. Bu fundamental kitablara Hacıxanım Aidanın "Ömrün anları" və "Otuz şeir - otuz fikir", Gülünün "Zaur Ustac", Ayətxan Ziyadın "Zaur Ustacın uşaq dünyası", "Zaur Ustacın yaradıcılığı ədəbi - tənqid müstəvisində" və "Zaur Ustacın uşaq poeziyasında bədii sənətkarlıq sistemi - Uşaq dünyası Zaur Ustacın gözü ilə" əsərləri daxildir. Həmçinin, pedaqogika elmləri doktoru, professor Kamal Camalovun "Əliş və Anna haqqında", Qələndər Xaçınçaylının "Taclı şair" və Vaqif İsaqoğlunun "Zaur Ustacın poetik dünyası" kitabları şairin yaradıcılıq miqyasını elmi müstəvidə tam dolğunluğu ilə əks etdirir.
Zaur Ustac - vaxtilə səngərdə torpağı qoruyan əlində silah tutmuş zabit, bu gün isə mənəviyyatımızı, dilimizi, gələcəyimiz olan uşaqların tərbiyəsini və poetik ruhumuzu qoruyan, inkişaf etdirən əlində qələm tutmuş böyük bir ziyalı, naşir və ustad sənətkardır. Onun zəngin və vətənpərvər ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir.
Hüseyn İsaoğlu,
yazıçı - publisist,
AYB-nin və AJB-nin üzvü