Səudiyyə Ərəbistanı 850 hindistanlı məhbusu azadlığa buraxır

Səudiyyə Ərəbistanın həbsxanalarında 2 224 hindistanlı məhbus var.

Səudiyyə Ərəbistanı bu ölkənin həbsxanalarında cəza çəkən 850 hindistanlı məhbusu azadlığa buraxacaq.

"Aljazeera" telekanalı xəbər verir ki, bu barədə ötən gün Dehlidə səfərdə olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Hindistanın Baş naziri Narendra Modi ilə görüşündən sonra bildirib.

2019-cu ilin yanvarına olan məlumata görə, Səudiyyə Ərəbistanın həbsxanalarında 2 224 hindistanlı məhbus var. Onların əksəriyyəti qətl, oğurluq, qarət, narkotik maddə və alkoqollu içkilərdən istifadə, rüşvətvermə maddələri ilə məhkum olunublar.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistana səfəri zamanı da 2 100 pakistanlı məhbusun azadlığa buraxılması barədə əmr verib.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31