Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsində inkişafı müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Joqorku Keneşin sədri Marlen Mamatalıyev ilə görüşüb. Görüşdə Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsində inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələləri müzakirə olunub.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə xalqlar arasında tarixi-mədəni və milli-mənəvi bağların əhəmiyyəti vurğulanıb, dövlətlər arasında mövcud olan yüksək səviyyəli münasibətlərdən, həyata keçirilən qarşılıqlı səfərlərdən, görüşlərdən və təmaslardan məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan-Qırğızıstan qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət daşıdığını təsdiqləyiblər.

Söhbət zamanı Prezident İlham Əliyevin Qırğız Respublikasına son dövlət səfərinin mühüm hadisə olduğu və ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsinə töhfə verdiyi qeyd edilib. Bildirilib ki, dövlət başçılarının səyləri nəticəsində ölkələr arasında əlaqələr sürətlə inkişaf edib və bir çox sahələrdə əməkdaşlığın genişlənməsi təmin olunub.

Görüşdə humanitar əlaqələrin inkişafı və xalqları bir-birinə daha da yaxınlaşdıran təşəbbüslərin əhəmiyyəti də diqqətə çatdırılıb.

Marlen Mamatalıyev Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan xalqının hədiyyəsi olan orta məktəbin, eləcə də Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziya kompleksinin və Nizami Gəncəvi adına məktəbin xalqlar arasında səmimi dostluğun və qardaşlığın rəmzləri olduğunu bildirib.

O, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılmasını da böyük Qırğız yazıçısının xatirəsinə göstərilən diqqət və ehtiramın ifadəsi kimi yüksək qiymətləndirdiklərini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova isə xalqları birləşdirən tarixi, mədəni və mənəvi köklərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, bu əlaqələrin möhkəmləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyətini qeyd edib.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin dövlətlərarası münasibətlərin yüksək səviyyəsinə uyğun olaraq daha da inkişaf etdiyi bildirilib. Parlament komitələri və dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər parlamentlərarası əlaqələrin genişləndirilməsində Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) çərçivəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd ediblər. Həmçinin türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi də vurğulanıb. Bu platformalarda ölkələr arasında qarşılıqlı dəstəyin daim hiss olunduğu qeyd edilib və Azərbaycanın və Qırğızıstanın gələcəkdə də bir-birini dəstəkləməyə davam edəcəyinə əminlik ifadə olunub.

Görüşün sonunda parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bir sıra məsələlər üzrə fikir birliyinə gəlinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31