ABŞ Putini şəxsən hədəfə alır - “Cəhənnəmdən gələn qanun”
14 Fevral 2019 15:14 DünyaBeş amerikalı senator - demokratlar Bob Menendez, Ben Kardin, Cinn Şeyxin, respublikaçlar Lindsi Qrem və Kori Qardner fevralın 13-də Konqresə Rusiyaya qarşı yeni sanksiyaların şiddətləndirilməsi ilə bağlı qanun layihəsi təqdim ediblər.
Bu barədə RBK məlumat yayıb.
"Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi" (DASKA) adlanan qanun layihəsi 2018-ci ilin avqust ayında elan edilmiş Menendez-Qrem qanun layihəsinin daha sərt versiyasıdır.
Bu qanunvericilik təşəbbüsü "cəhənnəmdən gələn sanksiya" (Bill from hell) layihəsi adlanırdı. DASKA-nın yayın sonunda dərci Rusiya bazarında vahimə yaratmışdı: avqustda rubl 10 faizdən çox düşmüşdü.
DASKA-nın birinci versiyasında iki əsas təhlükə vardı: Rusiyanın yeni suveren borcuna qarşı sanksiyalar və Rusiya dövlət banklarının əməliyyatlarının bloklanması. İndi isə senatorlar daha da irəli gediblər. Onlar aşağıdakıları təklif edirlər:
Rusiyanın digər ölkələrdə demokratik institutları pozmaq cəhdlərini dəstəkləyən banklarına qarşı sanksiyalar;
Rusiya şirkətlərinin ölkənin sərhədlərindən kənarda həyata keçirdikləri sıxılmış təbii qaz (LNG) layihələrinə qarşı sanksiyalar (məsələn, "LUKOIL" Kamerunda LNG istehsalı üzrə layihə həyata keçirir);
Vladimir Putinin mənafeyi üçün qanunsuzluğa və ya korrupsiya hərəkətlərinə yol verən siyasətçilər, oliqarxlar və onların ailələrinə qarşı sanksiyalar.
Əvvəlki versiyada olduğu kimi, DASKA-2 versiyasında da Rusiyanın dövlət borcuna və kibernetik sektoruna sanksiyalar nəzərdə tutulub.
Bundan başqa layihədə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı ayrıca bölmələr var. ABŞ Prezidentinə Senatının razılığı olmadan NATO-dan çıxmağı qadağan edən maddə də qanun layihəsində öz əksini tapıb.
Həmçinin, qanun layihəsində Vladimir Putinin sərvəti və aktivləri və Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı məruzələr var.
teleqraf