İrəvanın Tehranla yaxınlaşması Vaşinqtonu ciddi narahat edir
14 Fevral 2019 14:42 DünyaHər şeydən əli üzülən, Qərbdən istədiyi dəstəyi ala bilməyən, Rusiyanı isə özündən incik salan Paşinyan hakimiyyəti indi də son ümid yeri kimi İranı seçib. Son vaxtlar İrəvanın Tehranla münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr və baş tutan qarşılıqlı səfərlər belə deməyə əsas verir. Ümumiyyətlə isə, İran İslam Respublikası müntəzəm olaraq işğalçı Ermənistanla əlaqələri bir qədər inkişaf etdirmək istiqamətində addımlar atır, bu ölkə ilə yaxınlıq əlaqələrini inkişaf etdirir. İki ölkənin azad iqtisadi zona yaratması, İranın Ermənistana qaz satması, iqtisadi sahədə kiçik miqyaslı da olsa layihələrin həyata keçirilməsi bütün bu deyilənlərin əyani sübutudur. Hazırda isə Nikol Paşinyan İranla əlaqələri inkişaf etdirməkdə ciddi niyyətlidir. Yuxarıda qeyd etdiyimiz kimi həm Rusiya, həm də Qərbdən demək olar ki, təcrid olunan Paşinyan yaranmış situasiyanı İran vasitəsilə sığortalamağa çalışır. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Ermənistanın baş naziri Nikol Painyanın İran İslam Respublikasına nəzərdə tutulan səfəri bu məqsədə xidmət edir. Onun sözlərinə görə, İranın Ermənistanla əlaqələrinin inkişaf etdirməsi, strateji yaxınlaşma kursu götürməsi yeni mərhələyə keçir. Politoloq bildirib ki, hətta iki ölkə arasında hərbi -texniki əməkdaşlıq barədə müqavilə imzalanması gözlənilir: "Məhz Ermənistanın baş naziri Nikol Paşinyanın fevarlın 17-də İrana gözlənilən səfərində İranala hərbi-texniki əməkdaşlıq sazişi bağlanması gözlənilir. Bu gün İranın Ermənistanla hərbi əməkdaşlığı inkişaf etdirməsi, Azərbaycana qarşı işğalı dəstəkləməkdir. Bundan əlavə, işğalıçı ölkə ilə iqtisadi və enerji əməkdaşlığı, blokadadan çıxarmaq səyləri bütövlükdə Ermənistana qarşı formalaşan Bakı- Ankara birliyinin zəiflədilməsinə hesablanıb. Ermənistanın baş naziri Nikol Paşinyan çalışır ki, Moskva-Yerevan-Tehran üçlü formatı yaradıb, maksimum şəkildə Türkiyə və Azərbaycan qarşısında mövqeyin gücləndirsin. Məhz Gürcüstanla danışıqları, Abxaziya yolunun açılmasının gündəmə gəlməsi bu planın tərkib hissəsidir". Məhəmməd Əsədullazadə qeyd edib ki, Nikol Paşinyanın bu siyasəti Ağ Ev rəhbəri Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ona "Türkiyə və Azərbaycanla əlaqələri normallaşdır" mesajına ziddir. Yəni, Ermənistan bir növ Vaşinqtonun planlarına qarşı gəlir. Xarici siyasət üzrə "Qırğı" olan Con Bolton Nikol Paşinyanın İran yaxınlaşmasını bağışlamayacaq. Artıq, Vaşinqtondan da cavab gecikmədi. Birləşmiş Ştatlar Ermənistanın Suriyaya əsgər göndərməsini, Rusiya və İranla işbirliyinə görə tənqid etdi". Politoloqun sözlərinə görə, baş verənlər ABŞ-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni fürsət yaradır: "Qeyd edim ki, Anakara və Bakı Ermənistana qarşı blokada həyata keçirir. İran isə, iki müsəlman ölkənin iradəsinə zidd olaraq Ermənistanı tam dəstəkləyir. Üstəlik hərbi-texniki əməkdaşlıq təklif edir. Qeyd edim ki, bu gün Moskva-Tehran və Yerevan oxu regionda işğalı davam etdirir və bu işğalın aradan qaldırılmaması üçün Ermənistana hər cür dəstək verilir. İranın Ermənistanı dəstəkləməsinə Cənubi Azərbaycandan olan millət vəkilləri etiraz etməlidir. İran-Ermənistan əlaqələrinin inkiaşfı yalnız regionda işğalın davam etməsinə hesablanıb. Nikol Paşinyanın İrana gözlənilən səfəri öncəsi Suriyaya əsgəri qüvvə göndərmək istəyini açıqlaması, İranla birgə olduğunu göstərir. Eyni zamanda bununla Tehranda aparacağı danışıqlarda maksimum nəticələr əldə etməyi planlaşdırır. Rəsmi Tehran kifayət qədər Nikol Paşinyana bu danışıqlarda dəstək verəcək. İran da Nikol Paşinyanla sıx əməkdaşlıqda maraqlıdır. Çünki, Birləşmiş Ştatların Ermənistanda mövqeyinin zəiflədilməsi üçün Nikol Paşinyana siyasi-iqtisadi və hərbi dəstək sözü verəcək. Hesab edirəm ki, Nikol Paşinyanın İrana səfərində Rusiya da maraqlıdır. Hər iki ölkə Ermənistanda Qərbin rolunun artmasından narahat idilər. Hazırda Nikol Paşinyanın Birləşmiş Ştatlarla İran arasında davam edən siyasi-iqtisadi qarşıdurma fonunda İrana səfəri, Vaşinqtonda Ermənistana etimadı azaldacaq. Hətta bu Vaşinqtonun İrəvana maliyyə yardımlarının kəskin azalmasına gətirə bilər".
Süleyman