Yaxın Şərq uğrunda mübarizənin yeni mərhələsi
14 Fevral 2019 13:36 DünyaDeyəsən Yaxın Şərq uğrunda mübarizənin növbəti mərhələsi başlayır. Hər halda Birləşmiş Ştatlar və onun müttəfiqlərinin bu günlərdə Avropada regionla bağlı müzakirələr aparması belə deməyə əsas verir. Ancaq burada bir maraqlı nüans var ki, regionla bağlı aparılan müzakirələrdə yenə Rusiya-Türkiyə ittifaqı kənarda qalıb. Eyni zamanda Rusiyanın yaxın müttəfiqlərindən sayılan Çin də Yaxın Şərqlə bağlı aparılan müzakirələrə qatılmayıb. Düzdür, təşkilatçılar Ankara, Moskva və Pekinin öz istəyi əsasında müzakirələrə qatılmadıqlarını iddia etsələr də, lakin reallıq ondan ibarətdir ki, elə qarşı tərəf də bunda maraqlı deyil. Çünki həm Türkiyə, həm də Rusiyanın Yaxın Şərqdə ciddi maraqları var və hər iki ölkə regionda Qərbin. Birləşmiş Ştatların ağalıq etməsinə qarşıdır. Çünki adıçəkilən güc mərkəzlərinin regiona nəzarəti ələ keçirməsi nəinki Yaxın Şərqdə, ümumilikdə bütöv bir coğrafiyada balansı pozur, regiona sabitlik əvəzinə əlavə problemlər gətirir. Ancaq bütün halda ekspertlər müəyyən qədər Yaxın Şərq toplantısından müsbət nəsə gözləyirlər. Müstəqil ekspert Rusif Məmmədsoy deyir ki, Polşada Yaxın Şərqlə bağlı müzakirələr davam edir. Onun sözlərinə görə, bir çox ölkə nümayəndələri Polşada toplaşıb. Lakin, Rusiya, Türkiyə , Çin kimi ölkələr bu müzakirələrdə iştirak etmir: "Qeyd edim ki, Birləşmiş Ştatları burada vitse prezident və dövlət katibi Mayk Pompeo təmsil edir. Mayk Pompeonun əsas toxunduğu məsələləri nəzərə alsaq burada yalnız Suriya konflikti haqqında danışılmadıgı aydındır. Belə ki, M.Pompeo Rusiyanın Gürcüstan, Ukrayna kimi ərazilərə girməsini bir daha qınayıb və Rusiyanın Polşada cəbhə açacağını istisna etməyib. Təbii ki, Pompeonu başa düşmək olar. Çünki, 2008-ci ildə Gürcüstana girərək ölkəni bir neçə hissəyə bölən Rusiya hazırda Gürcüstana qaz sata biləcəyi barədə danışıqlar aparır. Bu da Gürcüstandakı yeni hökumətlə bağlıdır ki, onların dəstəkçisi də məhz Rusiyaya meylli şəxsdir. ABŞ da məhz bundan ehtiyat edir. Növbəti dayanacağın Polşa olmasından çəkinir. Bunun məntiqi nəticəsi kimi ABŞ Polşa ilə HİMARS (High Mobility Artillery Rocket System) tipli raket sistemləri satması ilə bağlı müqavilə imzalayıb. Hətta ötən il Polşa hökuməti Donald Trampdan Polşada hərbi baza tikdirmək üçün 2 milyard dollar təklif etmişdilər. Əlbəttə, bütün bunlar Polşanın yenidən Rusiyanın ( SSRİ) təsir dairəsinə düşməməsi üçün hesablanıb".
Ekspert deyib ki, Birləşmiş Ştatlar hökuməti eyni zamanda Türkiyənin də Rusiya ilə münasibətlərində soyuqluq yaratmaq istəyir: "Belə ki, NATO Türkiyəyə maraqlı təklif irəli sürüb. NATO baş katibi Yens Stoltenberq, Türkiyə Rusiyadan S-400 almayacağı təqdirdə İtaliya və Fransa Türkiyəyə SAMP/T hava hücumundan müdafiə sistemlərini satmağa hazır olduqlarını bildirib. Bildiyimiz kimi bu gün Türkiyə, Rusiya və İran arasında üçlü görüş baş tutacaq. Bu görüşdə bir çox məsələlər , eyni zamanda da İdlib məsələsi gündəliyə salınıb. Təbii ki, ABŞ da başa düşür ki, bu görüş zamanı S-400 HHM-dən də danışılacaq. Bu səbəbdən də buna mane olmaq üçün əlindən gələni edir. Bunun isə bir neçə səbəbi var. Birincisi, Rusiya Avropada hegemonluq hədəfləyir və bu mənada onun Türkiyə kimi müttəfiqi olması ABŞ-ı çox narahat edir. İkincisi, ABŞ və Türkiyə arasında Mənbiçdəki fikir ayrılıqları var. Türkiyə və Rusiya arasında baş tutacaq İdlib bölgəsi haqqında danışıqlarda razılıq əldə edilsə, bu zaman ABŞ bir az da reytinq itirəcək. Hansı ki, artıq NATO müttəfiqi kimi Türkiyə S-400 almaqla artıq NATO-a , eyni zamanda ABŞ-a olan inamı da azaltdı. Nəhayət, üçüncüsü, Birləşmiş Ştatlar tərəfini narahat edən əsas məsələlərdən biri də məhz Türkiyə, Rusiya və İran üçlüsünün daha da yaxınlaşmasıdır. Bütün bunları nəzərə alaraq ABŞ rəsmilərinin Polşadakı çıxışları yalnız Suriya konflikti və ya Rusiyanın Gürcüstana və Ukraynaya hücumu deyil, məhz fevral ayının 14-də baş tutacaq görüşə hesablandığını düşünürəm". Rusif Məmmədsoy hesab edir ki, istənilən halda bu zirvə görüşündə də hər üç ölkənin maraqlarını nəzərə alarsaq böyük bir irəliləyiş əldə edilməyəcək: "Çünki, bir tərəfdə Bəşər Əsədi dəstəkləyən Rusiya, Bəşər Əsəd hökumətinin əleyhdarı Türkiyə , digər tərəfdə isə regionda öz maraqları olan və Suriyada sabitliyi qorumağa çalışan İran var ki, bu da sonda hər üç ölkənin maraqlarının üst-üstə düşməsi üçün vaxt lazım olmasına işarədir".
Süleyman