Əqidədaşları Sərkisyanı partiyadan da qovur
12 Dekabr 2018 14:36 DünyaErmənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının daxilində parçalanmalar sürətlənib.
Bu iddia ilə "Past" qəzeti çıxış edib.
"Məsələ təkcə bu qüvvənin parlamentə daxil ola bilməməsiylə bağlı təəccübdə deyil. Məsələ ondadır ki, seçkinin nəticələrinin qəbul edilib-edilməməsiylə bağlı fikir ayrılığı var. Bəzi respublikaçılar seçkinin nəticələrindən şikayət verilməsini istəsələr də, əksər üzvlər indiki vəziyyətdə situasiyanın daha da gərginləşdirilməməsini istəyiblər.
Fikir ayrılığına başqa bir səbəb isə Serj Sərkisyanın bir sıra fəaliyyətidir. Belə ki, partiya üzvlərinin bir hissəsi Sərkisyandan narazıdır. Onların fikrincə, faktiki olaraq Sərkisyan baş nazir olmaq istəməklə, David Şahnazaryan və Artaşes Geqamyanı seçkiqabağı kampaniyaya qoşmağa çalışmaqla partiyanı dağıdıb. Tezliklə, partiyada rəhbərliyin dəyişməsi məsələsi gündəmə gələ bilər", - deyə qəzet bildirib.
Qeyd edək ki, Serj Sərkisyan 2007-ci ildən Respublikaçılar Partiyasına rəhbərlik edir. O, bu vəzifəyə Andranik Markaryanın ölümündən sonra gəlib.
axar.az