Paşinyanın müxalifət cəbhəsindəki keçmiş həmkarı onu düşünülməmiş addımlar atmaqda ittiham edib

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın müxalifət cəbhəsindəki keçmiş həmkarı, qarşıdakı növbədənkənar parlament seçkilərində onun rəqibi olan respublika partiyasından deputatlığa namizədliyini irəli sürmüş David Şahnazaryan bildirib ki, bu seçkilərin keçirilməsi haqqında qərar kobud və təhlükəli səhv hesab edilməlidir.

Şahnazaryan yeni hökumətin başçısını düşünülməmiş addımlar atmaqda ittiham edib. Onun sözlərinə görə, qarşıdakı seçkilərin nəticələri ölkədəki daxili siyasi vəziyyəti əks etdirməyəcək. "Real vəziyyət yalnız seçkilərdən 2-3 ay sonra - Paşinyanın reytinqinin və siyasi gücünün tənəzzülü vaxtı məlum olacaq. Qarşıdakı seçkilərdə onun qələbəsi hakimiyyətin qeyri-legitim olması ilə nəticələnəcək", -deyə Şahnazaryan əlavə edib.

Erməni siyasətçi, həmçinin "Sasna tsrer" terrorçu təşkilatının üzvlərinin hökumətin amnistiya aktı ilə azadlığa buraxılmasını və onların eyniadlı siyasi partiyada birləşməsini sərt tənqid edib. Şahnazaryan əlavə edib ki, "bu addım qrupun üzvlərinin atəş açdıqları qanun keşikçilərinə ən böyük həqarətdir".

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31