Ukrayna yeni müharibə astanasında

Kırımın işğalından sonra bir qədər səngiyən Rusiya-Ukrayna münasibətləri yenidən gərginləşib. Artıq iki ölkə arasında yeni bir müharibənin başlaması an məsələsidir. Buna səbəb isə Rusiya hərbi dəniz qüvvələrinin Ukrayna gəmilərini atəşə tutmasıdır.

Kırımın işğalından sonra bir qədər səngiyən Rusiya-Ukrayna münasibətləri yenidən gərginləşib. Artıq iki ölkə arasında yeni bir müharibənin başlaması an məsələsidir. Buna səbəb isə Rusiya hərbi dəniz qüvvələrinin Ukrayna gəmilərini atəşə tutmasıdır. Məlumata görə,  ötən gün Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb. Rusiya tərəfindən atılan bu addımı Ukraynaya müharibə xəbərdarlığı hesab edən Kiyev də adekvat tədbirlər görmək məcburiyyətində qalıb. Belə ki, Ukraynanın Silahlı Qüvvələrinin döyüşə hazırlıq vəziyyətinə gətirildiyi barədə xəbərlər yayılıb. Bu barədə Ukrayna ordusunun Baş qərargahı sosial şəbəkədə məlumat yerləşdirib. Məlumatda bildirilir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkədə hərbi vəziyyət elan edilməsi barədə qərarına əsasən, Ukraynanın Silahlı qüvvələrinin Baş Qərargahının rəisi Ukraynanın Silahlı qüvvələrinin tam döyüş hazırlığına gətirilməsi haqqında sərəncam verib.

Yeni bir Ukrayna-Rusiya qarşıdurmasının baş vermə ehtimalı prezident Pyotr Poroşenkonun son açıqlamasından da hiss olunur. Belə ki. Ukrayna prezidenti ölkəsində hərbi vəziyyətin tətbiq edilməsi barədə irəli sürülən təşəbbüslərə dəstək ifadə edib.

Ekspertlər hesab edirlər ki, mümkün görünən Rusiya-Ukrayna qarşıdurması NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi səbəbindən yaranıb. Hazırda NATO keçmiş postsovet ölkələırində mövqelərini möhkəmləndirmək siyasəti yürüdür və Hərbi Alyansın Rusiya sərhədlərinə doğru irəliləməsini Moskva bu kimi adekvat addımlarla cavablandırır.  

Gərginləşən Rusiya-Ukrayna münasibətlərinin Moskvanın Qərblə onsuz da soyuq olan münasibətlərinə də mənfi təsir göstərəcəyi bildirilir. Rusiyanın Kerç boğazında Ukrayna gəmilərini atəşə tutması Qərbin Moskvaya qarşı daha da aqressiv mövqe sərgiləməsinə gətirib çıxara bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31