İspaniyanın Baş naziri Kubaya tarixi səfər edib
23 Noyabr 2018 18:28 Dünyaİspaniya hökumətinin başçısı Pedro Sançes Kuba ilə ikitərəfli münasibətləri normallaşdırmaq və sabitləşdirmək, habelə Karib hövzəsi ölkələrinin liderləri ilə yüksək səviyyədə siyasi dialoqa yenidən başlamaq məqsədi ilə bu ölkəyə rəsmi səfər edib.
Bu, İspaniya dövləti başçısının son 23 ildə Kubaya ilk səfəridir. Bu səfər güclü tarixi, iqtisadi, ticari əlaqələri olan iki ölkənin münasibətlərində yeni fəsil açır. P.Sançes kubalı həmkarı Migel Dias-Kanellə görüşündə İspaniya hökumətinin islahatlar prosesində Kubanı fəal dəstəkləmək arzusunu, habelə İspaniya şirkətlərinin bu ölkənin iqtisadi inkişafına kömək etməkdə maraqlı olduqlarını ifadə edib. O, Kubanın Avropa İttifaqı ilə münasibətlərinə dəstək göstəriləcəyini təsdiq edib, Aİ ilə bu ada dövləti arasında başlanmış insan hüquqları üzrə dialoqun irəlilədilməsini davam etdirmək istədiyini bildirib.
Səfər çərçivəsində qarşılıqlı anlaşma haqqında iki memorandum imzalanıb. Sənədlərin birincisi İspaniyanın məsləhət proqramlarının və texniki yardımın köməyi ilə islahatlar prosesinə fəal dəstək göstərməyə hazır olduğunu təsdiq edir, ikincisi isə İspaniya mədəniyyətinin Kubada azad şəkildə yayılması üzrə mədəni əməkdaşlıq haqqında memorandumdur.