İrəvanda KTMT-dən çıxma tələbi: NATO-ya üzv olmalıyıq

Əgər Rusiya öz bazasının qeydinə qalmırsa və onun saxlanılması üçün pul xərcləmirsə, demək ki, o, Ermənistanın təhlükəsizliyinin də qayğısına qalmayacaq.

Bunu "Aykakan Jamanak" qəzetinə müsahibəsində erməni politoloq Stepan Qriqoryan deyib.

"Rusiya bu gün MDB-dəki tərəfdaşlarıyla əlaqələri neoimperializm mövqeyindən qurmağa çalışır. Ermənistana yanaşmada bu mövqe tədarük edilən qaz və nüvə yanacağının qiymətinin artırılmasıyla müşahidə edilir", - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya yaxın gələcəkdə Qarabağın həlli məsələsində Bakı üçün sərfəli olan mövqeni tuta bilər. O, İrəvanın KTMT-yə ümid etməməli olduğunu və Gürcüstan kimi Vaşinqton və NATO ilə əlaqələrə daha çox diqqət edilməsi gərəkdiyini deyib.

Ermənistan parlamentinin keçmiş spikeri Babken Ararktsyan isə ölkənin yavaş-yavaş Rusiya bazasına çevrildiyini bildirib. Onun sözlərinə görə, İrəvan KTMT ilə bərabər, MDB-dən də çıxmalı və dərhal NATO və AB istiqamətində inteqrasiya arzusunu dilə gətirməlidir.

Ermənistanın Liberal Proqressiv Partiyasının rəhbəri Ovanes Ovanisyan isə KTMT-ni "karlik struktur" adlandırıb:

"Dünyada bu təşkilata gülürlər. Ermənistanın yeri KTMT-də yox, sivil ölkələr klubundadır. Biz Gürcüstandakı hadisələri diqqətlə izləməliyik ki, sonradan onlarla birgə NATO-ya üzv olaq".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31