Ukraynanın güc strukturları prezident seçkiləri ilə bağlı birgə təlimlərə başlayır
23 Noyabr 2018 06:56 DünyaUkraynanın hüquq-mühafizə orqanları ölkədə keçiriləcək prezident seçkiləri ilə bağlı pozuntuların qarşısını almaq üçün koordinasiyalı işləyəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikri daxili işlər nazirinin birinci müavini Sergey Yarovoy deyib.
Onun sözlərinə görə, seçki prosesinə start dekabrın 30-dan başlanacaq. "Daxili İşlər Nazirliyinin vəzifəsi seçki prosesində pozuntuların qarşısını almaq və ictimai asayişi təmin etməkdir", - deyə Yarovoy əlavə edib.
O bildirib ki, prezident seçkilərinə hazırlıq məqsədilə Ukraynanın güc strukturları birgə təlimlərə başlayır. Bu təlimlər bir neçə dəfə keçiriləcək. Seçki kampaniyası və səsvermə zamanı mürəkkəb hava şəraitində fövqəladə vəziyyətin yaranmaması üçün bütün qurumlar gücləndirilmiş rejimdə çalışacaqlar.
Qeyd edək ki, ölkə Konstitusiyasına görə, Ukraynada prezident seçkisi 2019-cu il martın 31-də keçirilməlidir.