Rusiya Şərqə üz tutdu: Son model silahlar... - Siyahı
6 Noyabr 2018 17:26 DünyaDünya bazarındakı sərt rəqabətə və Rusiyaya qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, 2018-ci ildə silah ixracı planı ötən ildəkindən az olmayacaq.
Bu sözləri Çində keçirilən "Airshov China-2018" sərgisinə yollanan "Rostex" nümayəndə heyətinin rəhbəri Viktor Kladov deyib.
Kladov Rusiyanın Çin, Myanma, Hindistan, Vyetnam və İndoneziya kimi ölkələrlə əvvəllər bağlanmış müqavilələrinin icrası və yeni əldə olunan razılıqlar barədə ətraflı danışıb.
"Rusiya Çinə 24 ədəd Su-35 qırıcısının və S-400 komplekslərinin çatdırılması ilə bağlı müqaviləni nəzərdə tutulan vaxtda həyata keçirəcək", - Kladov bildirib.
Rusiya ilə Çin arasında 2015-ci ildə Su-35 və S-400 zenit raket kompleksləri ilə bağlı müqavilə bağlanıb. Qırıcı təyyarlərlə bağlı müqavilənin həyata keçirilmə vaxtı kimi 2019-cu il, S-400-lərlə bağlı müqavilə üçün isə 2020-ci il təyin edilib. Bu müqavilələrlə yanaşı Moskva ilə Pekin arasında yeni bir razılıq əldə olunub. Belə ki, tərəflər arasında AHL ağır helikopterinin yaradılması üçün müqavilə 2019-cu ilin mayında imzalanacaq.
Rusiya Myanma ilə bağlanmış müqavilənin şərtlərinə əsasən, 10 ədəd Yak-130 hərbi-təlim təyyarəsini bu ölkəyə çatdırıb və hazırda daha 6 ədəd təyyarənin verilməsi ilə bağlı razılıq əldə olunub. Şimal qonşumuz bundan əlavə Myanmaya 6 ədəd Su-30SM qırıcısının çatdırılması prosesini həyata keçirir. Qırıcılarla bağlı razılıq yanvar ayında Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun Myanmaya səfəri zamanı əldə olunub.
Rusiya ilin sonuna qədər Hindistan üçün Ka-226 helikopterlərinin birgə istehsalına başlayacaq. Birgə layihədə səhmlərin 50.5 faizi Hindistana, 49.5 faizi isə Rusiya tərəfinə məxsus olacaq. Helikopterdən 60-ı Rusiyada, 140-ı isə Hindistanda yığılacaq.
Rusiya eyni zamanda T-90S və T-90SK tanklarının böyük hissəsinin artıq Vyetnama çatdırıldığını açıqlayıb. Vyetnama 64 ədəd tankın satılması ilə bağlı müqavilə 2016-cı ildə bağlanıb və müqavilənin icra vaxtı kimi 2019-cu il təyin olunub.
Kladovun sözlərinə görə, Filippin də rus helikopterləri və sualtı qayıqlarını almaqda maraqlıdır və buna görə də Moskva bundan sonra Filippində keçirilən bütün tenderlərdə iştirak edəcək.
"Rostex" nümayəndə heyətinin rəhbəri İndoneziya ilə 2018-ci ildə imzalanan 11 ədəd Su-35 qırıcısının satışı ilə bağlı 1.1 milyard dəyərindəki müqavilənin ləğv olunması barədə mətbuatda yayılan şayiələrə də münasibət bildirib.
"Rusiya ilə İndoneziya arasında 11 ədəd Su-35 qırıcısının satışı ilə bağlı müqavilə ləğv olunmayıb. Cakarta bir sıra texniki məsələləri həll edir", - Kladov bildirib.
Qeyd edək ki, mətbuat bu müqavilənin ABŞ sanksiyaları təhlükəsinə görə dayandırıldığını yazmışdı.
axar.az