Alyaskada püskürən vulkanın külü 3,6 min metr hündürlüyə qalxıb

ABŞ-ın Alyaska ştatında yerləşən Aleut arxipelaqının tərkibindəki Semisopochnoi adasında vulkan püskürməsi qeydə alınıb.

"Alaska Volcano Observatory" vulkanları müşahidə mərkəzinin məlumatına əsasən, püskürməni müşayiət edən güclü seysmik təkanlar UTC vaxtı ilə saat 4:47-də qeydə alınıb və hazırda azalmaqdadır. Peyklərdən alınan məlumatlar dəniz səviyyəsindən 3,6 min metr hündürlükdə kül buludunun olduğunu göstərib. Bu səbəbdən həmin rayonda aviasiya üçün "narıncı" təhlükə kodu elan edilib.

Qeyd edək ki, Sakit Okeanın şimalında, Alyaskadan cənub-qərbdə yerləşən Aleut adaları Alyaska ştatının tərkibinə daxildir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31