Türkiyə “böhran minalarını” təmizləyir: Branson azad edilir
1 Oktyabr 2018 14:09 DünyaTürkiyədə həbsdə olan amerikalı keşiş Endryu Branson 12 oktyabrda sərbəst buraxılacaq.
Bu barədə "Hürriyət" yazarı Əbdülqədir Selvi yazıb.
Selvinin sözlərinə görə, hazırda Türkiyəni iqtisadi hücumların hədəfinə çevirən səbəblərin aradan qaldırılması prosesi başlanıb. Bransonun vəkili İsmayıl Cem Halavurtla danışdığını bildirən Selvi 12 oktyabrda ev həbsində saxlanılan amerikalı keşiş Endryu Bransonun azadlığa çıxa biləcəyini qeyd edib.
"Türkiyəni iqtisadi böhrana aparan yoldakı minaları bir-bir təmizlənməyə çalışırlar. ABŞ-la yaşadığımız gərginliyin səbəbkarı Branson hadisəsində vacib yeniliklər gözlənilir. Bransonun vəkili İsmayıl Cem Halavurtla danışdım. 3 oktyabrda Konstitusiya Məhkəməsinə fərdi müraciət ediləcəyini təsdiqlədi. Məhməd Altan qərarını səbəb göstərərək, Branson haqqındakı məhkəmə nəzarəti şərtinin aradan qaldırılmasını tələb edəcək. 12 oktyabrdakı məhkəmədə Bransonla bağlı qərarın verilməsi gözlənilir. Belə olan halda oktyabrın 13-də Bransonu ABŞ-da pilləkənlərdən enərkən görə bilərik", - Selvi yazıb.
axar.az