ABŞ Türkiyəni nəzarətə götürür: yeni radar sistemi
1 Oktyabr 2018 14:07 DünyaABŞ Yunanıstanın Dədəağac bölgəsində yeni nəsil radar sistemləri qurmağı planlaşdırır.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, ABŞ-ın son dövrdə Yunanıstan istiqamətində aktivliyi artıb. Yunanıstan rəsmi Vaşinqtona Krit və Kerpe bölgəsində hərbi baza yaratmaq təklifi edib. Vaşinqton rəhbərliyinin seçimi isə Türkiyə sərhədinə və Çanaqqala boğazına yaxın olan Dədəağac ərazisi olub. ABŞ rəsmiləri sözügedən ərazidə yoxlamalar apardıqdan sonra Meriç bölgəsi və boğazlarla yanaşı, Egey dənizinin şimalındakı adalara da nəzarət edə biləcək yeni nəsil radar-müşahidə mərkəzi qurmağa qərar verib.
Türkiyə sərhədinin 60 kilometrliyində qurulması nəzərdə tutulan yeni nəsil radar-müşahidə mərkəzi ən son texnologiyalarla təmin olunacaq. Dədəağac, Semadirək və Rodop mahalının Maronya təpəsində yerləşdiriləcək sistem vasitəsilə əldə edilən görüntü və informasiya peyk yardımı ilə Dədəağac limanındakı mərkəzə göndəriləcək. Mərkəzə daxil olan bütün görüntü və informasiya Dədəağac limanındakı mərkəzdə analiz edildikdən sonra rəsmi Afina və digər əlaqədar qurumlara göndəriləcək.
Qeyd edək ki, ekspertlər Yunanıstanda qurulacaq radar-müşahidə sisteminin Türkiyəni nəzarətdə saxlamaq üçün atılmış addım olması ehtimalını istisna etməyiblər.
axar.az