Vaşinqtonun siyasəti anti-Amerika blokunun formalaşmasına yol açır

Birləşmiş Ştatların Rusiya-Türkiyə-İran üçbucağına qarşı iqtisadi sferada başladığı mübarizə davam etməkdədir. Qısa zaman kəsiyində hər üç ölkənin milli valyutasını nəzərə çarpacaq dərəcədə dəyərdən salmağa müvəffəq olan bu siyasət hər nə qədər Ankara, Moskva və Tehran üçün ciddi problemlərə yol açsa da, lakin nə şimal, nə cənub qonşumuz, nə dəqardaş Türkiyə Cümhuriyyəti haqlı olaraq Birləşmiş Ştatların qarşısında geri çəkilmək niyyətində deyil. Əksinə Tehran, Moskva və Ankara Vaşinqtona qarşı daha sərt dirəniş göstərmək niyyətindədir. Hər halda Ankaradan Tehran və Moskvaya qarşılıqlı ticarətı dollarla deyil, milli valyutalarla həyata keçirmək barədə ünvanlanan çağırışıa Rusiya və İrandan müsbət cavabın gəlməsi belə deməyə əsas verir. Ekspertlər birmənalı şəkildə Birləşmiş Ştatların Türkiyə, Rusiya və İran İslam Respublikasına qarşı apardığı iqtisadi mübarizəni pisləyərək bunun Vaşinqton üçün də mənfi hallara yol açacağını ehtimal edirlər. Bildirilir ki, vəziyyətin bu şəkildə davam etməsi Birləşmiş Ştatlara qarşı ittifaqın formalaşmasına gətirib çıxara bilər. Özü də bu ittifaqda təkcə Tehran, Ankara və Moskva deyil, eyni zamanda bu üçlüyə yaxın olan digər ölkələr də yer ala bilər. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri. Politoloq Elxan Şahinoğlu da belə düşünür. O, bildirib ki, Birləşmiş Ştatlar keçmiş strateji müttəfiqi və NATO üzvü Türkiyəyə qarşı sərt sanksiyaları ilə özünün maraqlarına zərbə vurmaqdadır: "Birincisi, böyük dövlətlər özlərinə sual verirlər: Amerika dollar üzərindəki manipulyasilayalar yolu ilə öz tərəfdaşı - Türkiyəni çökdürmək istəyirsə, eyni siyasəti bizə qarşı da həyata keçirə bilər. Ona görə də belə vəziyyətdə bir sıra dövlətlər ticarətdə dollardan imtina etməyin yollarını axtarmağa başlayıblar. Əlbəttə, ticarətdə dollardan tamamən imtina etmək çətindir, ancaq son hadisələrin fonunda dolların təsirindən qurtulmağın yolları sürətlə aranır. Bunun Amerikaya ziyanı xeyrindən çoxdur. Və ya Türkiyə Amerikadan aldığı mallardan imtina edir. Bu da Trampın ticarətçi dünyagörüşünə ziddir. Çünki, Tramp hər şey "Amerika üçün" deyirdi, indi isə bəzi Amerika şirkətləri Türkiyə bazarından məhrum olmaqla qazanclarının bir hissəsini itirəcəklər. Elə hərbi təyyarələrin Türkiyəyə satılmaması Amerika hərbi sənayesinə on milyardlarla dollar zərər vurdu". Politoloq deyir ki, Birləşmiş Ştatların Türkiyəyə qarşı siyasəti qardaş dövləti daha çox Rusiyaya yaxınlaşdırır: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən Ankarada idi. Bu Lavrovun bu il ərzində türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə 5-ci (?!) görüşü idi. Adətən xarici işlər nazirləri xarici ölkələrdə çalışan səfirlərinin toplantısına - daxili foruma qonaq çağırmazlar. Ancaq Lavrovu hətta Türkiyənin xarici ölkələrdəki səfirlərinin Ankaradakı toplantısına da dəvət edib, onun Amerika əleyhinə nitqini dinlədilər. Amerikanın Türkiyəni hədəf alması Almaniyanın da xoşuna gəlmir. Almaniya kansleri Angella Merkelin "biz Türkiyə istisadiyyatının zəifləməsində maraqlı deyilik, əksinə Türkiyənin çiçəkləməsini və inkişafını arzulayırıq" sözləri Ankarada müsbət qiymətləndirildi. Halbuki, son illər Almaniya ilə Türkiyə arasındakı münasibətlərdə dərin çatlar əmələdə gəlmişdi. Göründüyü kimi, Donald Trampın hamıya qarşı açdığı mübarizə cəbhəsi Berlinlə Ankaranı da bir-birinə yaxınlaşdırdı. İş o yerə çatıb ki, Türkiyə Cumhurbqaşqanı Rəcəb Təyyub Ərdoğan setnyabrın sonuna Berlinə səfərə hazırlaşır. Bir neçə ay əvvəl belə bir səfər mümkün görünmürdü. Ayrıca, Türkiyədə Suriya məsələsiylə bağlı Türkiyə-Rusiya-Almaniya-Fransa dördlüyünün sammiti gözlənilir". Elxan Şahinoğlu bildirib ki,  Ağ Ev sahibi sanksiyalarla və sərt açıqlamalarıyla bir sıra dövlətləri zorən tərəfdaşa çevirir: "Bunumu istəyirdi Tramp? Çətin. Trampın hegemoniyasını qəbul etməyən dövlətlər Ağ Ev sahibini anlatmaq istəyirlər ki, onun ağlasığmaz hərəkətləri ona və Amerikaya baha başa gələcək. Tələbələrimə hər zaman 1960-cı illərdə Karib böhranının həllində Amerikanın mərhum prezident Con Kennedinin möhtəşəm rolundan danışıram. Kennedi 13 gün ərzində generallarla, ekspertlərlə, nazirlərlə, beyin mərkəzlərin tanınmış mütəxəssisləri ilə məsləhətləşərək dərin böhrandan çıxış yolu tapdı, dünyanı dağıdıcı müharibə risqindən qurtardı. Kennedinin otağında oturan Tramp isə heç kimi dinləmədən tvit atmaqla aləmi bir-birinə qatır".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31