Dünyanı bürüyən genişmiqyaslı iqtisadi savaş

Bu savaşda hələlik əsas hədəf Ankara və Tehrandır

Birləşmiş Ştatlar Yaxın Şərqdəki rəqiblərini iqtisadi baxımdan məğlub etməklə regionda əsas söz sahibinə çevrilməyi qarşısına məqsəd qoyub. İrana və Türkiyəyə qarşı artan təzyiqlər fonunda bunu aydın görmək mümkündür. Hər iki ölkədə milli valyutanın Birləşmiş Ştatlar dollarına nisbətdə ciddi şəkildə ucuzlaşması bu ölkələrə iqtisadi təzyiq və təsirlərin tərkib hissəsidir. Elə Birləşmiş Ştatların Obama zamanında Tehranla əldə edilən razılaşmanı pozması və cənub qonşumuza qarşı sanksiyaları sərtləşdirmək istəyi də Yaxın Şərqə İranın təsir dairəsini azaltmaq məqsədi daşıyır. Bir sözlə İran və Birləşmiş Ştatlar arasındakı gərgin vəziyyət pik həddə çatıb. Müstəqil ekspert Emin Həsənli İranın milli valyutasının dollar qarşısında ciddi dəyərini itirməsinə diqqət çəkərək bildirib ki,  Birləşmiş Ştatlar İrana qarşı bu cür sərt sanksiya siyasətini indiyə kimi həyata keçirməmişdi. Onun sözlərinə görə, Avropa Birliyi ölkələri Birləşmiş Ştatların İran siyasətinə qoşulmayacağını ifadə etsələr də, şirkətlərini İrandan çıxarmaqla birbaşa deyil, istəməyərəkdən dolayı yolla Vaşinqtonun Tehrana qarşı sanksiyalarına yardım etmiş olurlar: "Vəziyyət o qədər gərgindir ki, nə Ağ Ev rəhbəri Donald Tramp geri çəkilmək istəmir, nə də İran rejimi. Bu durum isə dünyada genişmiqyaslı iqtisadi savaşın növbəti mərhələsini əhatə edəcək. Noyabra qədər İrandan neft idxal edən ölkələr neftin idxalını dayandırmasalar, Birləşmiş Ştatların sanksiyalarına tuş gələcəklər. Deməli, iqtisadi savaş hər an Amerika-İran mübarizəsindən çıxıb, birbaşa digər dövlətləri də əhatə edə bilər. Üçüncü dünya dövlətlərindən sayılan Hindistan bu sanksiyalara düşməmək üçün İrandan idxal etdiyi neftin bir hissəsini azaldıb.  Lakin düşünürəm ki, əksər dövlətlər artıq İran neftinə alternativ axtarmağa başlayacaqlar. Odur ki, İran iqtisadiyyatı o zaman əsl zərbəyə hazır olmalıdır".

Ekspert Yadigar Nağıyev isə hesab edir ki, son günlərdə yüksələn Birləşmiş Ştatlar- İran konflikti və Vaşinqtonun Tehrana tətbiq edəcəyi sanksiya yalnız İranı əhatə etmir: "Bu proses necə təzahür edəcək? Onun effektləri nələr olacaq? Qazanan və məğlub olan tərəf kim olacaq?.  İlk olaraq Birləşmiş Ştatlar İranla ticarət dövriyyəsi olan dövlətləri dollardan istifadə edərək hədələyir. İlk olaraq Hindistanın İrandan neft almasını azaldan ABŞ düşünürəm ki, həm öz dostunu ( Hindistanı) təhlükədən qorudu, həm də özünə regional dəstək yaratdı. 
Daha sonra İranın əsas neft rəqabətçisi olan Səudiyyə Ərəbistani ilə Birləşmiş Ştatlar ciddi dərəcədə yaxınlaşdı. Əlbətdə bu yaxınlaşma geosiyasi və iqtisadi əhəmiyyət kəsb edirdi ki, Səudiyyə regionda İsraildən sonra Birləşmiş Ştatları dəstəkləyən ikinci böyük aktordur. Düşünürəm ki, Birləşmiş Ştatlar azalan İran neft satışına Səudiyyə neftini alternativ göstərərək bazara çıxaracaqdır. Bu halın olması əlaqələri yüksəltməklə yanaşı, İran üçün böyük iqtisadi çətinlik yaradacaq". Ekspert onu da bildirib ki, İranla Türkiyə və Azərbaycanın da yaxınlığı diqqətdədir: "Azərbaycanla İran arasında 300 milyon dollar, Türkiyə ilə isə 15 milyard dollar ticarət dövriyəsi var. Bu hal hər iki dövlət üçün də ciddi dərəcədə iqtisadi çətinlik yaradacaq ki, Türkiyədə dollar 5+ yüksəlib. Azərbaycansa neft ixracatçısı bir ölkədir. Alına biləcək hər hansı qərar İranla əlaqəsi olan dövlətlər üçün ciddi iqtisadi problem yarada bilər. Yəni hər iki tərəf bilməlidir ki, bu alınacaq sanksiya iqtisadiyyatı çökdürməkdən başqa bir işə xidmət etməyəcək. Nəticə etibarilə regionlar və dövlətlərarası inteqrasiya zəyifləyəcək. Ancaq belə bir fakt var ki, Birləşmiş Ştatlar Simali Koreya kimi İranla danışıqlara gedə və problemi həll edə bilər. Ancaq tərəflər buna maraqla yanaşmır, əksinə daha çox sərtlik göstərirlər. Bu halın olması isə gərginliyi daha da mürəkkəbləşdirir".

Ekspert qeyd edib ki, hazırda Birləşmiş Ştatlar İranla paralel olaraq Türkiyənin nüfüzunun yox edilməsi üçün bütün cəhdləri sürətlə davam etdirir: "15 İyul çevriliş cəhdi idi. Burada məqsəd Türk ordusunun imicini zəyiflədərək, Suriya ərazisində Türkiyə Ordusuna qarşı inamsızlıq və ruh düşüklüyü yaratmaq idi. Bu cəhdin qarşısı xalqın və dövlətin birgə səyi ilə alına bildi. Türkiyədə dollar politikası ilə dolların dərəcəsini yüksəltdərək xarici investorları uzaqlaşdırmaq və Türkiyə bazarını daxilə sıxışdırmaq cəhdi olundu. Dollar 5+TL keçmişdi. Bunun qarşısı sürətlə alınmalıdır. Bunun qarşısını almaq üçün Türkiyə xaricdən importasiya əməliyyatını dollardan başqa pul vahidi ilə etməlidir. Bu dolları azaltmaqda çox effektiv olacaq. Əks halda iqtisadi gerilik qapıdadır. Nəhayət, Türkiyəyə qarşı son həmlə isə Türkiyə daxilində ölüm hökmünün legallaşmasıdır. Məhz bu prosesin ən son halqasıdır ki, dünya səviyyəsində Türkiyəni antisekyulyar ölkə kimi tanıtdırmaq, onun barəsində insan haqlarını pozan və buna itaət etməyən dövlət imici qazandırılmaq istənilir. Bunun qarşısı ciddi dərəcədə alınmalıdır".

Göründüyü kimi Yaxın Şərqdə mövqe savaşı uğrunda ciddi iqtisadi mübarizə gedir. Bu mübarizənin isə onun iştirakçısı olan ölkələrlə yanaşı, region dövlətlərinə də təsir göstərəcəyi istisna edilmir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31