İran hadisələri “ərəb baharı”nın növbəti dalğasıdır?

İranda baş verən son etiraz aksiyaları ilə bağlı müxtəlif fikir və rəylər səsləndirilməkdədir. Görünən odur ki, 10 gündən artıqdır ki, davam edən proseslər heç də göründüyü qədər sadə deyil və olanlar iqtisadi narazılığın fonunda həm daxili, həm də xarici faktorlarla pərçimlənmiş ciddi siyasi hesablaşmanın konturlarını ortaya qoymaqdadır. 

İranda baş verən son etiraz aksiyaları ilə bağlı müxtəlif fikir və rəylər səsləndirilməkdədir. Görünən odur ki, 10 gündən artıqdır ki, davam edən proseslər heç də göründüyü qədər sadə deyil və olanlar iqtisadi narazılığın fonunda həm daxili, həm də xarici faktorlarla pərçimlənmiş ciddi siyasi hesablaşmanın konturlarını ortaya qoymaqdadır. İlk nöbədə vurğulamalıyıq ki, baş verənərin birmənalı şəkildə yalnız xarici amillərlə əlaqələndirilməsini doğru hesab edilmir və burada daxili faktorlar da son dərəcə ciddi əhəmiyyət daşımaqdadır. 

"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu qeyd edib ki, hal-hazırda baş verənlər ilk növbədə İran daxilində islahatçılarla mühafizəkarlar arasında gedən siyasi mübarizənin təcəssümüdür: "Diqqət edin, bu aksiyalar Məşhəddən başladı. Məşhəddəki etirazların 2017-ci il prezident seçkilərində Həsən Ruhaninin əsas rəqibi olmuş Məşhəd İmam Rza ziyarətgahının rəhbəri Rəisinin və tərəfdarlarının təşkil etdiyi barədə yayılan xəbərlər nəzərdən qaçmamalıdır. Sonrakı gün isə əsas şəhərlərə, o cümlədən dini mərkəz olan Quma da yayıldı. Bu, çox maraqlı və ciddi məqamdır. Ümumiyyətlə ilk olaraq aksiyaya çağırış edənlərin mühafizəkar qanada yaxınlığı ilə seçilən şəxslər olması çox incə nüansdır. Aksiyaların ilk günlərdə sırf iqtidara, yəni Həsən Ruhaninin idarəetmə aparatına yönəlik çağırışların səslənməsi və sonra bunun əks tərəfə - Xamneyi və bütünlükdə İranın ali ruhani sisteminin əleyhinə çevrilməsi də az şey ifadə etmir. Yəni əslində bütün bunlar onu göstərirdi ki, aksiyalar əslində İranın daxilindəki siyasi qüvvələrin siyasi toqquşmasının nəticəsidir. Təbii ki, burada iqtisadi faktorlar var. Amma bunlara rəvac verən məqamlar siyasi qütbləşmədə iştirak edən qüvvələrdir". Vüqar Zifəroğlunun sözlərinə görə, 

regionda marağı olan xarici qüvvələrin də hər biri baş verən proseslərdən yararlanmağa çalışırlar: "Məsələn, Əhvaz bölgəsində ərəblərin aktiv şəkildə aksiyaya qoşulmasının səbəbi eyni zamanda xarici faktorların baş verən proseslərdən yararlanmağa meyilli olmasından irəli gəlir. Bilirsiniz ki, Səudiyyə Ərəbistanı hal-hazırda İranla çox ciddi siyasi münaqişədədir və Əhvazın ərəb əşirətərinə dəstək verməkdədir. Və ya Bəlucistanın aktiv şəkildə baş verən etirazlarda iştirakının özü də əslində az şey ifadə etmir. Proseslərdə Güney Azərbaycanla bağlı məqamlara da diqqət çəkmək istərdim. Zəncan istisna olmaqla Güney Azərbaycandan bu aksiyalara ciddi dəstək gəlmədi. Bunun özü çox maraqlı məqamdır. Güney Azərbaycandakı soydaşlarımız bizim bir çoxlarımızdan daha yaxşı anlayırlar ki, baş verənlər əslində, ölkədəki siyasi oyunların təzahürüdür. Burada başqa ciddi məqam etirazların start götürdüyü şəhərlərdə bəzi qüvvələrin ortaya atdıqları şüarlar - əslində həm də hədəflərdir. Şüarlara diqqət edək: "Rza şah ruhun şad olsun"; "İranın şahı yoxdur, hesab kitabı da yoxdur" və "Biz ariyayiyik (ari irqi), ərəbləri istəmirik". Təbii ki, bu kimi şüarlar güneydə gedən milli hərəkatın hədəfləri ilə bir deyil, əksinə tam ziddiyyət təşkil etməkdədir. Burada həm də o nəticəni çıxarmaq olar ki, əslində daxili siyasi hesablaşma kimi başlanan bu aksiyalar, nəticə etibarı ilə Qərbin də dəstəyi ilə, çoxdandır ki, İranın daxilində revanşa nail olmağa çalışan monarxist-pəhləviçilərin aktivləşməsinə təkan verə bilər. Sirr deyil ki, Qərb Pəhləvi davamçılarına hər zaman aşkar dəstək verib. O zaman niyə məhz Zəncan proseslərdə daha aktiv oldu sualının isə cavabı var. Zəncanın Ərdəbil, Urmiyə yaxud Təbrizdən fərqi ondan ibarətdir ki, bu bölgə hər zaman mühafizəkar baxışları ilə seçilən Güney Azərbaycan şəhəri olub. Bu şəhərdə ali dini ruhani sistemə bağlılıq daha çoxdur. Diqqət edin, Zəncanda hökumət tərəfdarlarının da nümayişi keçirildi.Vurğulamalıyıq ki, faktiki olaraq İranda baş verən prosesləri birmənalı şəkildə xarici faktorlarla əlaqələndirmək, burda yalnız "Amerikanın, İsrailin və ya Səudiyyənin barmağının olduğunu" iddia etmək tamamilə yanlış olardı. Sadəcə olaraq bu qüvvələr, baş verənlərdən maksimal dərəcədə yararlanmaq niyyətindədirlər və proseslərin öz axarından çıxaraq daha kəskin və münaqişəli hal almasında maraqlıdırlar". Vüqar Zifəroğlunun qənaətincə, İslam İnqilabi Keşikçiləri Korpusu - SEPAH-ın komandiri Məhəmməd Cəfərinin aksiyaların qızışdırılmasında vaxtilə siyasi hakimiyyətdə olan şəxslərin rolunun olmasına dair bəyanatını və əslində bununla da Əhmədinejata və tərəfdarlarına vurğu etməsini də nəzərə alarsaq, yekun olaraq deyə bilərik ki, baş verənlərdə ilk əvvəl önəmli olan daxili faktorlar olub: "Yəni, bu iğtişaşlar ölkə daxilində ali ruhani sistemlə mövcud siyasi iqtidar arasında olan proseslərin təzahürü kimi qiymətləndirilə bilər. Lakin təbii ki, xarici faktorları da burada öz rolunu oynamaqdadır. Hazırda İranda "ərəb baharı" başlatmaq istəyənlərin öz hesablarında nə dərəcədə dəqiq olacaqlar, bunun ididən söyləmək çətindir. Təbii ki, bütün bu olanlar İranda hakimiyyətin siyasi dəyişikliyinə səbəb olmayacaq. Təəssüf ki, bu cür etirazlar İran rejiminin sarsılmasını deyil, əksinə daha da radikallaşaraq "islam inqilabı modeli" ayarlarına geri dönməsinə səbəb olmaqdadır. Lakin bütün bu olanlar heç şübhəsiz ki, bütün Yaxın Şərqə öz təsirini göstərəcək".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranda spontan xarakterli etirazlar Tehran teokratik rejiminin siyasətində tektonik effekt verdi. Politoloq deyib ki, bu etirazlar rejimin müəyyən islahatlar aparmasına gətirib çıxaracaq: "Prezident Həsən Ruhanin islahatlar anonsu bunu deməyə əsas verir. Elan edilən islahatlar anonsuna rəğmən ölkənin ayrı-ayrı regionlarında etiraz aksiyaları öz aktuallığını saxlayacaq. Bu etirazların kökündə iqtisadi-sosial faktorlar və rejim daxilində mühafizəkar-islahatçılar qarşıdurması görünsə də, əsas məqsəd İranda rejimi laxlatmaqdan və gələcək perspektivdə rejimin dəyişilməsinə hesablanıb. Qeyd edim ki, İran Yaxın Şərqdə fəal və təsiredici regional münaqişədə əsas tərəfdir və regionun şəkilləndirilməsində bilavasitə iştirak edir. Regional münaqişədə Hizbullah, Husilər və Haşdi-şabi kimi güclü silahlı qruplara dolayı yolla malikdir. Bu silahlı təşkilatlar vasitəsi ilə Suriya, İraq və Yəməndə İranın hərbi iştirakı danılmaz faktdır". Məhəmməd Əsədullazadə deyib ki, Barak Obama administrasiyasının dəstəyi ilə iqtisadi sanksiyalardan azad olan İran Yaxın Şərqdə öz "5-ci" kolonuna kifayət qədər maliyyə və hərbi-lojistik dəstəyi davam etdirir: "Məhz İranın əsas maliyyəsi, bu silahlı qrupların güclənməsinə sərf edilir. Bununla da İranın iqtisadi-sosial sahəyə kifayət qədər maliyyə ayırmaması ciddi narazılığa zəmin yaratdı. Birləşmiş Ştatların İrana qarşı, yenidən iqtisadi sanksiyaları tətbiq etməsi, İranın yuxarıda qeyd etdiyim silahlı qruplara dəstəyinin zəifləməsinə hesanlanıb". Politoloq deyib ki, Birləşmiş Ştatlar və İsrail İranı ram etmək və Yaxın Şərqdə mövqelərini zəiflətməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər: "İranda yaşanan aksiyalara fikir versək, bu aksiyalar, əsasən farsların yaşadığı ərazilərdə baş verir. Qeyd edim ki, İranda iqtisadi inkişaf əsasən fars əyalatlərindədi. Azərbaycan türklərinin yaşadığı regionlar isə, kifayət qədər iqtisadi cəhətdən zəif regionlardı. Bu etirazlar iqtisadi cəhətdən zəif regionlarda baş verməli idi. Amma bu etirazlarda iqtisadi inkişaf cəhətdən zəif olan türklər deyil, inkişaf edən farslar əsas rol oynayır. Xüsusi olaraq qeyd edim ki, Birləşmiş Ştatlar və Qərb ölkələri İranda hakim rejimi Azərbaycan türklərinin əli ilə dəyişmək istəmirlər. Çünki, bu etirazlar Cənubi Azərbaycanda mill azadlıq hərəkatına səbəb ola bilər. Bu milli azadlıq hərəkatı fonunda baş verənlərə Azərbaycan da səssiz qalmayacaq. Baş verən proseslər müəyyən zamanla böyük bir türk xalqın birləşməsinə gətirə bilər. Azərbaycanın birləşməsi nəticəsində böyük bir dövlətin yaradılmasına Birləşmiş Ştatlar qəti imkan verməz. Ona görə də İranda bu aksiyalara Amerikanın birmənalı şəkildə dəstək verməsi və rejimin dəyişilməsi planında əsasən farslar yer alıb.  Baxmayaraq ki, İranın Ali dini lideri Əli Xamneyi etnik cəhətdən Azərbaycan türküdü. Qeyd edək ki, İran inqilabının əsas fiqurlarından olan Ali dini lider Əli Xamneyi İranın Məşhəd şəhərində dünyaya gəlib. Əsasən fars millətçiliyi və dini- məzhəb ruhunda təhsil alıb. Onun siyasi xadim kimi İranda azərbaycan türklərinə hazırda heç bir aidiyyati yoxdur. Demək olar ki, İranda bu aksiyalar başlanğıcdı və kifayət qədər ciddi problemlərdən xəbər verir. Sonda qeyd edim ki, İranın hazırkı dini-ideoloji rejimi Azərbaycan dövlətçiliyi üçün təhlükəlidir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31