İran hakimiyyəti daxildə bir sıra islahatlara gedəcək
Son günlər cənub qonşumuz İran İslam Respublikası dünyanın diqqətini özünə cəlb etməyi bacarıb desək yanılmarıq. Amma mənfi mənada. Mənfi məna dedikdə, ümumiyyətlə, İslam Respublikası bu günə qədər nə Azərbaycan. Türkiyə kimi yaxın qonşuları, nə də dünyaya müsbət hansısa bir örnək göstərməyib, regionda və dünyadakı sabitliyə, sülhə, təhlükəsizliyə bu və ya formada qatqısı olmayıb. Əksinə nüvə silahı yaratmaq iddiası ilə bəşəriyyət üçün təhlükə yaradıb.
5 Yanvar 2018 14:30 DünyaEtiraz aksiyalarının qarşısının alınmasının ən optimal variantı budur
Son günlər cənub qonşumuz İran İslam Respublikası dünyanın diqqətini özünə cəlb etməyi bacarıb desək yanılmarıq. Amma mənfi mənada. Mənfi məna dedikdə, ümumiyyətlə, İslam Respublikası bu günə qədər nə Azərbaycan. Türkiyə kimi yaxın qonşuları, nə də dünyaya müsbət hansısa bir örnək göstərməyib, regionda və dünyadakı sabitliyə, sülhə, təhlükəsizliyə bu və ya formada qatqısı olmayıb. Əksinə nüvə silahı yaratmaq iddiası ilə bəşəriyyət üçün təhlükə yaradıb. Eyni zamanda işğalçı Ermənistana dəstək nümayiş etdirməklə regionda sülh və sabitliyin pozulmasına vasitəçi olub. Bu günlər isə İran özü qeyri-sabit durumdadır. Bir həftədir bütün ölkə ərazisini bürüyən kütləvi etiraz aksiyaları qismən səngisə də, lakin etirazların yenidən baş qaldıracağı da istisna deyil. Hər halda ekspertər bu qənaətdədirlər. Səbəb kimi isə Tehran rəhbərliyinin idarəçilyindən insanların artıq bezməsi və yeni bir sistemin bərqərar olmasını arzu etməsidir. Onu da qeyd edək ki, bəzi ərəb ölkələri də bir növ etiraza qalxan sadə iranlıların mövqeyini təqdir edir. Onların başlıca iradı isə Tehranin İslam adından sui-istifadə etməsidir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Ekspert Əkrəm Həsənov bu baxımdan İranı Çinlə müqayisə edərək bildirib ki, Çin necə kommunizm qurursa, İran da eləcə İslam dövləti qurur. Onun sözlərinə görə, Çin də, İran da qədim tarixə, möhkəm dövlətçilik ənənələrinə və zəngin mədəniyyətə malik olan sivilizasiyalardır: "Sadəcə müasir dünyada millətçilik aktual olmadığı üçün qlobal ambisiyalarını təmin etmək üçün müəyyən ideologiyanı (kommunizm, din) əllərində alət ediblər. Elə bu səbəbdən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əksəriyyəti rusca danışan türk dünyasına deyil, İslam dünyasına xitab edir. Reallıqda isə Çində bazar iqtisadiyyatı hökm sürür, İranda isə şiəliyin rolu günü-gündən azalır.
İranlılar Şəriətin qadağan etdiyi çox şeyi edir, sadəcə açıqda deyil, gizlincə. Qadınlar da faktiki olaraq çoxdan hicab tələblərinə riayət etmir: məsələn, saçları da, qamətləri (fiqurları) də görünür. Pozuntulara görə cəzalar da çox nadir hallarda olur. Beləliklə, İran sadəcə şiəlikdən geosiyasi alət kimi istifadə edir. İlk növbədə rəqib hesab etdiyi ərəb dövlətlərinə qarşı. Bu alət olmasa, İranın nəinki geosiyasi ambisiyaları, hətta ərazi bütövlüyü də sual altında olacaq. Digər qədim və ambisiyalı sivilizasiya olan Yunanıstanın gününə düşə bilər.
İran xalqı da bunu gözəl başa düşür. Buna görə də son etirazların əsas mənası ondan ibarətdir ki, iranlılar daha çox məişət azadlıqları, hökumətin Şəriət pozuntularına daha çox göz yummasını istəyir. Məsələn, təxmini Birləşmiş Ərəb Əmirlikləri əhalisi kimi sərbəstlik istəyirlər. Əslində, hökumət də bunu gözəl başa düşür. Buna görə də böyük ehtimalla güzəştlərə gedəcək. Yəni rəsmi olaraq şiəlik hökmran ideologiya kimi qalacaq, amma real həyat ondan daha çox uzaqlaşacaq". Əkrəm Həsənov deyib ki, sosial tələblər də aktualdır. Həmişə olduğu kimi. Amma hər bir halda birbaşa dini məhdudiyyətlərin əleyhinə getmək mümkünsüz olduğu üçün sosial şüarlardan istifadə də istisna deyil. Amma gəlin unutmayaq ki, İran nəinki elmdə və incəsənətdə, həmçinin iqtisadiyyatda da uğurlu dövlətlərdən biridir. İllərdir sanksiyalara məruz qalmasına baxmayaraq adambaşına düşən ümum daxili məhsul göstəricisinə görə bizdən xeyli irəlidir. Ən az iqtisadi hüquqlar, mülkiyyət hüququ və s. yaxşı qorunur. Elə sıravi vətəndaşları və sahibkarları da ilk növbədə bu maraqlandırır. Özünəməxsus tərzdə seçki sistemi də var və onun nəticələri, bir qayda olaraq, ciddi şübhə doğurmur. Buna görə də ciddi sosial narazılığın olması iddiası şübhə doğurur. Əlbəttə, mövcud qlobal siyasət müstəvisində etirazçıların bir qisminin xaricdən motivasiya olunduğu ehtimalı da çox yüksəkdir.
Bir sözlə, iranlılar rejimdən narazı olsalar belə, onu yıxmağa qalxmaları ehtimalı aşağıdır: dövlətçilik ənənələri buna yol verməyəcək. Hökumət də tədbirlidir və güzəştlərə gedib rejimi yumşaldacaq ki, geosiyasi məramlarına nail ola bilsin. Vaxtilə şah rejimi də o cümlədən elə ona görə süquta uğradı ki, şah İranı Qərbin oyuncağı etmişdi, bu isə iranlıların xoşuna gəlmədi". Ekspert qeyd edib ki, İrandakı molla rejiminin yaxında süqutunu gözləməyə dəyməz: "Cənubi azərbaycanlıların da kütləvi olaraq İrandan vaz keçmələri xülyadır. Çünki, əvvəldə dediyim kimi, millətçilik ideologiyası aktual deyil. Rusiyanın rəhbəri azəri olsaydı, biz Rusiyanın tərkibindən çıxardıqmı? İnanmıram. Bəs onda güneyli soydaşlarımız niyə azəri olan Xamneyinin başçılıq etdiyi dövlətə qarşı çıxsınlar ki? Həm də bunu kimə görə etsinlər axı? Bizə görə?".
Füzuli