Sürix protokolunun arxiv sənədə çevrilməsinin günahkarı Ermənistandır

Yunanıstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ölkəsinin 2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağı barədə səsləndirdiyi bəyanatı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin pozulması istiqamətində təxribat xarakterli dəyərləndirmək olar. Yəni, Nalbandyan bu bəyanatı ilə bir daha bu ölkənin işğalçı siyasətinə sadiqliyini nümayiş etdirməklə, bölgədə destruktiv fəaliyyətini hələ bundan sonra da davam etdirəcək.

Mürtəza Bünyadlı: "Bu ölkə işğalçılıq siyasətindən əl çəksə həmin sənədə ehtiyac qalmayacaq"

Yunanıstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ölkəsinin 2018-ci ilin baharını Ermənistan-Türkiyə protokolları olmadan qarşılayacağı barədə səsləndirdiyi bəyanatı Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin pozulması istiqamətində təxribat xarakterli dəyərləndirmək olar. Yəni, Nalbandyan bu bəyanatı ilə bir daha bu ölkənin işğalçı siyasətinə sadiqliyini nümayiş etdirməklə, bölgədə destruktiv fəaliyyətini hələ bundan sonra da davam etdirəcək. Çünki 2009-cu ildə imzalanan Sürix protokolunun ruhu bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədi ilə imzalanmışdı. Belə ki, protokolun müddəalarına əsasən təkcə Ermənistan-Türkiyə münasibətləri normallaşması deyil, eyni zamanda Ermənistanın işğalçı siyasətinə son qoyulması da nəzərdə tutulurdu. Bu sənədin əsas ideyavericiləri Qərb, xüsusən də ABŞ idi. Məqsəd də Ermənistanı üzləşdiyi izolyasiyadan xilas edərək qonşuları sıx inteqrasiyaya cəlb etməklə işğalçılıq siyasətinə son qoyulması idi. Lakin sənəd Azərbaycanın ciddi etirazına səbəb oldu. Azərbaycan tərəfi bildirdi ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması heç də bu ölkənin qonşularına qarşı nə ərazi iddiasından geri çəkilməsində, nə işğalçılıq siyasətinə son verməsində, nə də ki, uydurma erməni soyqırım siyasətindən geri çəkilməsində müsbət nəticəsi olmayacaq. Əksinə, bu sənəd Ermənistanın işğalçılıq siyasətinin daha da möhkəmlənməsinə və bu siyasəti davam etdirməsinə xidmət edəcək. Ona görə ki, əgər Ermənistan üzləşdiyi izolyasiya şəraitində işğalçılıq siyasətindən əl çəkmirsə, izolyasiyadan xilas olduqdan sonra bu ümumiyyətlə qeyri-mümkün olacaq. İrəvanın bölgədəki destruktiv fəaliyyəti uzun illər davam edəcək. Odur ki, Azərbaycan Ermənistana işğalçılıq siyasətinə son verməsi üçün beynəlxalq təzyiqi təklif etdi. Bəyan etdi ki, Ermənistan işğalçılıq siyasətinə son verib, işğal etdiyi Azərbaycan torpaqlarından çıxacağı təqdirdə, nəinki Türkiyə, eyni zamanda Azərbaycan da bu ölkə ilə normal qonşuluq münasibətləri qura bilər. Hansi ki, bu məsələlər danışıqların predmetlərindən biridir. Azərbaycanın bu haqlı mövqeyi nəzərə alan Türkiyə parlamenti Sürix protokolunu ratifikasiya etmədi. Türkiyə parlamentinin şərti ondan ibarət oldu ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. Və Ankara bu mövqeyini ondan sonra dəflərlə açıq formada bəyan edib. Odur ki, bu sənəd əslində Ermənistan destruktiv möqeyi nəticəsində arxiv bir sənədə çevrildi. Çünki Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməyib, əksinə bu siyasətinin möhkəmləndirilməsinə çalışır. Bəs, hazırki şəraitdə Nalbanyanın səsələndirdiyi bəyənat nəyə hesablanıb?
Politoloq Mürtəza Bünyadlı bildirib ki, Nalbandyanın indiki məqamda belə bir fikri gündəmə gətirməsinin səbəbini son aylarda İrəvanın Moskvadan uzaqlaşmaq siyasəti və Türkiyənin bölgədə aktivliyi ilə izah etmək olar: "Son aylarda İrəvanla Moskva arasında gərginlik böhran həddinə çatmaqdadır və bu proses belə demək mümkünsə günbəgün dərinləşir. İrəvan yaranmış durumdan çıxış yolu kimi Qərbə meyllənməyə başlayır. Və bu son bir neçə ayda İrəvanın xarici siyasətində açıq görünür. İrəvan bu məsələni gündəmə gətirməklə Qərbdən dəstək qazanmaq istəyir. Ona görə ki, İrəvan Türkiyənin bölgədəki aktivliyindən, Rusiya və İranla sıx əməkdaşlıq etməsindən ciddi əndişə keçirir. İrəvan Türkiyənin bölgədə aktivliyinin qarşısını almaq və Türkiyəyə təzyiqin təşkil edilməsinə çalışır. İrəvan bu yolla Qərbə öz xidmətlərini təqdim edir. Ancaq İrəvanın bu cəhdinin heç bir nəticəsi olmayacaq. Birincisi, ona görə ki, Sürix protokolunun icra olunmamasının ilk günahkarı elə Ermənistan özüdür. Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib. Və Ankara da Sürix protokolunun icra olunmamasının səbəbini Qərbə izah edib". Politoloq qeyd edib ki, Türkiyə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT MQ üzvüdür. O baxımdan Türkiyənin bu münaqişənin həllində iştirakına kimsə mane ola bilməz. Əksinə, Türkiyə bu yolla münaqişənin həllinə öz töhfəsini vermək istəyir. Digər tərəfdən, son dövrlərdə Türkiyənin bölgədə aktivliyi artan xəttlə davam edir və bu qarşısı alınmaz bir prosesidr. Odur ki, ən yaxşı halda Ermənistan öz işalçılıq siyasətindən əl çəkib Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. O zaman nə Sürix protokoluna, nə də digər sənədlərə ehtiyac qalacaq. Ermənistan bu siyasətindən nə qədər tez əl çəksə bir o qədər onun özü üçün xeyrilidir. Əks təqdirdə, proses onun ziyanına işləyir. Ermənistan işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə təkcə Türkiyə və Azərbaycanla münasibətləri normallşamayacaq, eyni zamanda regionda reallaşan layihələrdə iştirak etməklə bundan fayda götürmək imkanı əldə edəcək. O baxımdan Nalbandyanın səsləndirdiyi bu bəyanatın Türkiyəyə heç bir isti-soyuğu yoxdur. Bir daha qeyd etmək istərdim ki, bu sənədin arxiv bir sənədə çevrilməsinin günahkarı Ermənistan və onun işğalçılıq siyasətidir. Nə qədər bu siyasətdən geri çəkilməyib, bundan itirən ancaq Ermənistan olacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31