Myanmada müsəlmanların qanına girən beynəlxalq güclər: Savaş nəyin uğrundadır?
Müsəlman əhalinin buddistlər tərəfindən kütləvi şəkildə qəddarlıqla qətlə yetirildiyi Myanmada baş verənləri bütün dünya soyuqqanlılıqla izləyir. Bir neçə gün öncə "Amnesty International" təşkilatı bildirib ki, Myanmada baş verən cinayətlər birbaşa müsəlmanlara qarşı törədilir, bu cinayətlərin günahkarı isə həm ölkənin təhlükəsizlik qüvvələri, həm də yerli buddistlərdir.
11 Sentyabr 2017 16:01 DünyaMüsəlman əhalinin buddistlər tərəfindən kütləvi şəkildə qəddarlıqla qətlə yetirildiyi Myanmada baş verənləri bütün dünya soyuqqanlılıqla izləyir. Bir neçə gün öncə "Amnesty International" təşkilatı bildirib ki, Myanmada baş verən cinayətlər birbaşa müsəlmanlara qarşı törədilir, bu cinayətlərin günahkarı isə həm ölkənin təhlükəsizlik qüvvələri, həm də yerli buddistlərdir.
"Yeni Müsavat"a açıqlamasında baş verənləri şərh edən Yaxın Şərq üzrə siyasi analitik Vüqar Zifəroğlu bildirdi ki, harada baş verməsindən asılı olmayaraq müsəlmanlara qarşı törədilən hadisələrə dünya ictimaiyyəti daha səssiz yanaşır: "Faciəli haldır ki, bu toqquşma Arakan müsəlmanlarının kütləvi şəkildə qətliamı ilə müşahidə edilməkdədir. Bölgədə yaşananlar yeni deyil və bunun təməli 20-ci əsrin 40-cı illərinə dayanır. 1948-ci ildə müstəqilliyini elan etdikdən sonra hakimiyyəti ələ keçirmiş radikal inanclı buddist yönətimi zamanla müsəlman əhaliyə qarşı təcrid və təzyiq siyasətindən istifadə etməyə başladı. Nəticədə, 50-ci illərdən sonra yerli buddistlərlə müsəlmanlar arasındakı gərginlik həmişə artan xətt üzrə inkişaf edib. Lakin problemlərin açıq şəkildə ortaya çıxmasına təkan verən amil, 1982-ci ildə qəbul edilən "Vətənsizlik" qərarı oldu. Həmin qərara əsasən, Birma hökuməti ölkədəki bütün etnosları vətəndaş olaraq qəbul etdiyi halda, rohincalılara bu statusu verməkdən imtina etdi və sonuncular faktiki olaraq "vətənsiz bir xalq" vəziyyətinə düşdülər. Ölkə iqtidarı, Arakanlı müsəlmanların benqal (Banqladeşli) olduğunu və 19-cu əsrdə İngiltərə koloniyası olduqları dönəmlərdə buraya gətirildiklərini iddia edirlər və bu səbəbdən də vətəndaşlıq verməkdən imtina etməkdədirlər. Bu cür irqçi münasibət isə, şübhəsiz ki, bölgədə maraqları olan güclərin manipulyasiyası üçün son dərəcə ciddi alət olmaqdadır".
Siyasi ekspertin sözlərinə görə, bu qarşıdurmada bölgənin zəngin neft və qaz yataqlarının da önəmli və həlledici rolu var: "Hazırda yaşananları məhz yanacaqla zəngin torpaqları "insansızlaşdırmaqla" nəzarət altında saxlamaq kimi qiymətləndirə bilərik. Rohingiya uğrunda savaşda rəqabət aparan qüvvələr çoxqütblüdür və onların hər birinin öz hədəfləri var. Görünənlər isə ilk növbədə Çin və Səudiyyə Ərəbistanını ön planda tutmaqdadır. Cənub-Şərqi Asiyanın bu zəngin torpağında axan qanlar əslində bu acımasız rəqabətin bir elementidir.
Yerli müsəlmanların hərbi nöqteyi-nəzərdən təşkilatlanmasında və yerli əhaliyə zorakı ayrı-seçkilik uyğulayan buddist hərbçi və polislərə qarşı müqavimətin təşkil edilməsində önəmli rol oynayan "Arakan Rohingiya Qurtuluş Ordusu" (ARSA) Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir. Təşkilatın qurucusu Ebu Amar Jununi də Məkkədə böyüyüb və ərəb mənşəlidir. Səudlar tam 8 ildir ki, fasiləsiz olaraq həmin bölgəyə kapital yatırmaqdadırlar. Rəhbəri olduğu ölkənin iri neft şirkəti olan "Saudi Aramco" vasitəsi ilə Səudiyyəni ilk dəfə Myanmada enerji bazarına daxil edən Muhammed ibn Selman bir yandan Yaxın Şərqdəki ən yaxın müttəfiqi Birləşmiş Ərəb Əmirliklərini də bölgənin xidmət sektorunu inkişaf etdirməyə təşviq edərkən, digər yandan da, Rohingiyadan əkin ərazilərini satın alıb.
Mərkəzi Abu Dabidə yerləşən "El Mervan" şirkəti isə Myanma hökuməti ilə Rohingiyada avtomobil yolları və otellərin inşasını nəzərdə tutan müqavilə imzalayıb".
Vüqar Zifəroğlunun fikrincə, burada ciddi məqam odur ki, Asiyanın ən zəngin qaz və neft ehtiyatlarına ev sahibliyi edən Benqal Körfəzində yerləşən Myanmanın enerji bazarı Fransa, İngiltərə və Çinin nəzarəti altındadır: "Əslində Körfəz ölkələrini bazara daxil edərək Çinin nüfuzunu sarsitmağı hədəfləyən ABŞ, bölgəyə təsir imkanları əldə etmək niyyətindədir. Belə deyə bilərik ki, 2015-ci ildən indiyədək amerikalı biznesmenləri bölgəyə kapital qoymağa sövq edən Vaşinqton, Pekinin Myanmadakı təsirini qırmaq üçün Səudların ARSA və Rohingiyadakı nüfuzundan istifadə etməkdədir. Təbii ki, Çin Cənub-Şərqi Asiyanın bu önəmli bölgəsindəki nüfuzunun sual altına alınmasına razı ola bilməz. Nəticədə buddist milislər aktiv şəkildə həm maliyyələşdirilir, həm də silahlandırılır. Digər tərəfdən qoca Avropa, ələlxüsus London da Benqalda yeni oyunçuların meydana çıxmasından narazıdır. Bu ərazilərin keçmiş sahibi kimi Britaniya krallığı Myanma hökumətinin Rohingiya müsəlmanlarını sıxışdıraraq Pekin-London xəttinə yaxınlaşmağını hədəf olaraq götürür".
V.Zifəroğlu onu da qeyd etdi ki, soyqırıma rəhbərlik edən qadın lider qadın Çinin bölgədəki nüfuzunu sona çatdırmaq üçün uzun müddətdir Qərb tərəfindən istifadə edilir: "Ən maraqlı məqam isə, Myanmada Arakanlı müsəlmanlara qarşı şiddətin əsas günahkarı olaraq göstərilən Ang San Suu Çii ilə bağlıdır. Bu qadın Çinin bölgədəki nüfuzunu sona çatdırmaq üçün uzun müddətdir ki, Qərb tərəfindən istifadə edilir.
1991-ci ildə Nobel sülh mükafatına layiq görülən Çii, Vaşinqton tərəfindən dəstəklənən demokratiya institutları tərəfindən ölkənin "müstəqil lideri" olaraq göstərilməkdədir. Məşhur "Economist" qəzeti tərəfindən "Pekinin hakimiyyətini bitirəcək qadın" kimi təqdim edilən Myanmalı Çii, faktiki olaraq ABŞ və Avropa Biliyi tərəfindən istifadə edilməkdədir. Amerika xarici işlər nazirliyinin 2015-ci il hesabatında bu qadın "neo-liberal iqtisadi islahatlar edən modern lider" kimi xarakterizə edilir, Arakan müsəlmanlarına edilən qətliamlar isə "yerli gərginliklər" olaraq göstərilir".