ABŞ-ı vuran "Harvi": bəlalar hələ bitməyib
ABŞ-ın Texas ştatını vuran "Harvi" qasırğasının yaratdığı sel və daşqınlar nəticəsində həlak olanların sayı 38-ə çatıb. 30 mindən artıq insan evsiz-eşiksiz qalıb.
31 Avqust 2017 12:39 DünyaABŞ-ın Texas ştatını vuran "Harvi" qasırğasının yaratdığı sel və daşqınlar nəticəsində həlak olanların sayı 38-ə çatıb. 30 mindən artıq insan evsiz-eşiksiz qalıb. Texas ştatının qubernatoru Qreq Ebbotun dediyinə görə, "Harvi" nəticəsində yaramış daşqın və sel sularının çəkilməsi üçün bir həftə gərəkdir.
Dünən Texasın cənub-şərqindəki Bomont və Port-Artur şəhərlərini su basıb. Port-Artur şəhərindəki Bob Bauers adına Mülki Müdafiə Mərkəzi belə, su altındadır. Şyustonun rayonlarından birində 17 nəfərin həlak olduğu güman edilir. Hyuston şəhərinin polis rəisi Art Asevedonun dediyinə görə, həlak olmuşların sayı daha da arta bilər. Hazırda "Harvi" qasırğası Luiziana ştatının ərazisindədir. Federal Fövqəladə Yardımlar İdarəsinin rəhbəri Brok Lonqun dediyinə görə, qasırğanın fəsadlarını aradan qaldırmaq üçün Texasa illər gərəkdir: "Rekord səviyyəli yağışlardan sonra yeni, fəlakətli daşqın da mümkündür". Texasın Sahil Mühafizəsi Xidmətinin rəisi Pol Sukunft isə bəyan edib ki, operatorlar yardımla bağlı hər saatda 1000-dən artıq zəng qəbul edirlər. ABŞ prezidenti Donald Tramp dünən Texas ştatında olub. O, şənbə günü yenidən ştata yollanaraq Hyuston şəhərinə baş çəkmək niyyətindədir. "Harvi"nin vurduğu ziyanın ilkin məbləği on milyardlarla dollardır. Milli.Az NBC-yə istinadən xəbər verir.